"Kəpəz"in yarımmüdafiəçisi Tural Rzayevin Fanat.Az-a müsahibəsi
- Tural, mövsüm başa çatmaq üzrədir, "Kəpəz" isə Premyer Liqaya vəsiqə qazanıb. Planların nədir?
- Gələcəklə bağlı hələ qeyri-adi planım yoxdur. Hazırda Gəncədəyəm, özümü yaxşı hiss edirəm. İstərdim ki, burada qalım. Həm Premyer Liqada həm də Birinci Divizionda komandama kömək etmişəm. Klubun nailiyyətlərində rolum olub. 2018-ci ildə Litvanın yüksək liqasında çıxış edən komandadan ("Yonava" - red.) ayrıldıqdan sonra başqa klublardan təkliflərim ola-ola "Kəpəz"də oynamağa üstünlük vermişəm. Sizin də dediyiniz kimi, mən o vaxt "Kəpəz"ə qayıdanda bizim APL-ə yüksələ biləcəyimiz haqda söz-söhbətlər yox idi. Həmin mövsüm MOİK ilk sırada qərarlaşmışdı, "Kəpəz" isə sonuncu idi. MOİK-dən gələn təklifi geri çevirib doğma şəhərimin klubunda oynamağa üstünlük verdim. Dediyim odur ki, bu klubu seçərkən şəxsi mənafeyimi üstün tutmamışam. "Kəpəz"ə uşaqlıqdan bağlıyam. Gəncə şəhər stadionunun hər bir daşını tanıyıram. Bu stadionda top da daşımışam, gözümü futbola açmışam. Elitaya vəsiqə qazandığımızı eşitmək qeyri-adi duyğulara meydan verdi. Təbii ki, yenidən bu çempionatda komandamın uğurları üçün çalışmaq mənə xoş olar. Bu, mən tərəfdən olan istəkdir. Klub rəhbərliyi bunu istəyəcək, yoxsa yox, deyə bilmərəm.
- Klubla müqavilən bu yay başa çatacaq. "Kəpəz" rəhbərliyindən yeni anlaşma təklifi var?
- Bəli, bu il təkcə mənim yox bütün futbolçuların müqaviləsi bitəcək. Amma müqavilənin yenilənməsi mövzusunda heç bir şey deyilməyib. Yəqin ki, yaxın günlərdə bu barədə bizə məlumat veriləcək. Komanda tərəfindən təklif olsa, qeyd etdiyim kimi, hər zaman hazıram.
- Bu yaxınlarda Gəncə futbolunun azarkeşləri "Kəpəz"in Birinci Divizondakı zəif çıxışına çılğın reaksiya vermişdi...
- Bizim azarkeşlərin futbola yanaşması fərqlidir. Klubun zəif çıxışını rahat qəbul etmirlər. Mən bu barədə daha öncə də danışmışam. Azarkeşlər bir kənara, biz özümüz də zəif çıxışımızı qəbul edə bilmirdik. Mövsüm başlayanda məqsədimiz, hədəfimiz tam başqa idi. Futboldur, hər zaman gözlənilməz vəziyyətlər olur. Demək olar ki, hər şey heç də gözlədiyimiz kimi olmadı. Birinci Divizionu lazım istədiyimiz yerdən aşağıda bitiririk. Əlbətt, belədə, azarkeşlərin reaksiyasını başa düşmək olar. Komandanın tərəfdarlarından biri də mən özüm. Komanda olaraq biz də öz oyunumuzdan narazıyıqsa, azarkeşin etirazına nə demək olar?
- Bu komanda ilə elitada çıxış etmək mükündürmü?
- Obyektiv danışacam. Düşünürəm ki, indiki halımızla Premyer Liqa komandalarının əksəriyyəti ilə bacarmarıq. Bu, mənim şəxsi fikrimdir. Tutaq ki, daha 5 futbolçu gətirilsə də, yenə arzuolunan oyunu göstərməyimiz çətin olacaq. Komandada saxlanmalı olan oyunçularımız var. Amma heyətdə mütləq dəyişikliklər lazımdır. "Qarabağ", "Neftçi", "Sabah" kimi klublarla mübarizə aparmaq üçün ustalıq səviyyəsi yüksək olan futbolçulara ehtiyac duyulur.
Emin Şəmsiyev