Heç kimə sirr deyil ki, bir çox futbol məşqçilərinin sevimli oyunçuları var. Milli komandalardan danışırıqsa, bu aspektdə konkret futbolçunun komandaya çağırılması kimi faktoru qabartmaq olar. Bu məqam həmişə son dərəcə subyektiv olaraq qalır. Çünki oyunçu seçimi yalnız baş məşqçinin qərarından və vəziyyətə baxışından asılıdır.
Dünyanın ən yaxşı yığmalarında top qovan hansı futbolçuları baş məşqçilərin favoriti adlandırmaq olar?
Fanat.Az olaraq bunu araşdırmağa çalışdıq.
İtaliya
Roberto Mançininın "Mançester Siti"də baş məşqçi olarkən yanına gətirdiyi Mario Balotelliyə xüsusi hisslər bəslədiyi uzun müddət müzakirə olunurdu. Hücumçunun qeyri-adekvat xarakterinə və qəribə davranışlarına baxmayaraq, Mançini onu müdafiə etdi və Balotelli 2013-cü ilə qədər "şəhərlilər"in düşərgəsində qaldı. Ümumilikdə, mütəxəssisin rəhbərliyi altında Balotelli “Mançester Siti”də 95 oyun keçirib, 37 qol vurub, 11 məhsuldar ötürmə edib.
Mario və Mançini 2018-ci ildə, sözügedən mütəxəssis İtaliya millisini çalışdırdığı dövrdə yenidən bir araya gəlib. Balotelli o vaxt Fransanın “Nitsa” klubunda çıxış edirdi. Bu fakt Robertonun onu seçməyə çağırmasına mane olmamışdı. Mançininin rəhbərliyi altında İtaliya millisinin vurduğu ilk qolun müəllifinin məhz Balotelli olması özlüyündə maraqlı məqamdır.
Lakin 57 yaşlı mütəxəssisin başçılığı altında Balotellinin millidə keçirdiyi üç oyundan sonra futbolçu ilə məşqçi arasında münasibətlər korlanır. Bu, bir neçə il davam edir. 2022-ci ilin yanvarında gözlənilmədən Roberto yenidən "Super Mario"nu milli komandanın təlim-məşq toplanışına dəvət edir. Bunun davamı olacaq, ya yox, zaman göstərəcək.
İspaniya
Luis Enrike 2018-ci ilin yayından (qısa fasilə ilə) İspaniya millisinə rəhbərlik edir. Bir çox ispan mütəxəssislərinin fikrincə, o, həm də yığmanın qapılarını öz sevimlilərinin üzünə açıb. "Barselona"nın 17 yaşlı yarımmüdafiəçisi Qavi də həmin futbolçulardan biri hesab olunur. Enrike onu "Barselona"nın heyətində 90 dəqiqəni meydanda olmamışdan əvvəl milli komandanın start "11-liy"inə daxil etmişdi.
Lakin Qavidən əvvəl Luis Enrike “Mançester Siti”yə keçdikdən sonra millidə debüt edən Ferran Torresə inamı ilə gündəmə gəlmişdi. İspan “şəhərlilər”ın əsas oyunçusu sayılmadığı vaxtda Enrike onu milliyə çağırğdı və Ferranın müntəzəm olaraq məşqlərdə işitirakını təmin etdi. İndiyədək Torres İspaniya yığmasında 24 oyun keçirib və 13 qol vurub. 21 yaşlı yarımmüdafiəçi sonradan "Barselona"da oynamağa üstünlük verdi. Onun Luis Enrikenin qızı ilə sevgili olduğu xəbərini də vermişdik.
Fransa
2012-ci ildən Fransa millisinin baş məşqçisi olan Didye Deşamın da sevimli futbolçusu var. Söhbət hazırda "Milan"ın şərəfini qoruyan Olivye Jirudan gedir. Hücumçu hansı formada olursa olsun, Deşam onu mütəmadi olaraq Fransa millisinin heyətində salır. Bu günə kimi millidə Didyenin rəhbərliyi altında Jiru 102 oyun keçirib və 47 qol vurub.
Xatırladaq ki, Fransa komandasının zəfəri ilə nəticələnən DÇ-2018-də Jiru turnirdə bir qol belə, vurmamışdı.
Emin Şəmsiyev