Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellingem gələcək karyerası haqda danışıb: “Hazırda düşündüyüm yeganə şey "Borussiya Dortmund"un növbəti oyunudur. Gələn mövsüm də burada oynayacağam”.
AS nəşri: "Sezar Azpilikueta "Çelsi"dən "Barselona"ya keçəcək. O, Kataloniya klubunda Dani Alvesi ya da Serjinyo Desti əvəz edəcək. Onlardan birinin transfer pəncərəsi dönəmində "blauqrana"nın düşərgəsini tərk edəcəyi gözlənilir".
"Сorrieredellosport" nəşri: "Paulo Dibala "Roma"nın diqqət mərkəzindədir. Klubun baş məşqçisi Joze Mourinyu argentinalı futbolçunu komandasında görmək istəyir. Futbolçu və onun agentləri bu variantı nəzərdən keçirməyə hazırdır".
Canluci Donnarumma Keylor Navasla rəqabət haqqında: “Məncə, gələn mövsüm fərqli olacaq. Klub seçim edəcək. Keylorla yaxşı münasibətimiz var. İkimiz də vəziyyəti başa düşürük. Amma bu məsələ asan deyil. Düşünürəm ki, gələn mövsüm vəziyyət fərqli olacaq. Çünki klub mütləq seçim edəcək”.
Sesk Fabreqas: “Son bir neçə həftə ərzində mənə bir çox məşqçilərdən zənglər gəldi. Onlara köməkçi kimi lazım olduğumu deyirlər. Mən oynamağa davam etmək niyyətindəyəm. Bütün variantlara açığam və futboldan həzz almaq istəyirəm. Klubun fərqi yoxdur. Yeni bir komanda tapmaq və gələcəkdə məni nə gözlədiyini bilmək arzusundayam”.
"Cadena Ser" saytı: "Frenki de Yonq "Mançester Yunayted"ə keçməkdənsə "Barselona"da qalmağı üstün tutur. Niderlandlı məşqçi Erik ten Haqın gəlişi də futbolçunun istəyinə təsir etməyəcək".
"AreaNapoli" saytı: “Mançester Yunayted” "Napoli"nin hücumçusu Viktor Osimheni transfer etmək üçün müqaviləyə Antoni Marsialı daxil etməyə hazırdır".
"Fichajes" saytı: "Bayern Münhen" Pol Poqba uğrunda mübarizəyə qoşulub. 29 yaşlı fransız futbolçunun "Mançester Yunayted"lə müqaviləsi bu yay başa çatır. Artıq Poqbanın transferi üçün Avropanın top klubları arasında gərgin mübarizə başlayıb".
"Sport Mediaset" saytı: "İvan Perişiçin mövsümün sonunda "İnter"dən ayrılacağı gözlənilir. 33 yaşlı xorvatiyalı futbolçunun “neradzurri” ilə müqaviləsi bu ilin yayına qədər nəzərdə tutulub. Artıq Perişiç "Çelsi" ilə razılaşıb. Tərəflər son detalları nəzərdən keçirməlidirlər. Futbolçu London klubuna azad agnet qismində keçəcək".
Emin