Bu yaxınlarda yaranmasının 55 illik yubileyini qeyd etməyə hazırlaşan "Araz-Naxçıvan"ın özünün özünə ən böyük hədiyyəsi Region Liqasının qalibi adını qazanmaq olar. Azər Bağırovun başçılıq etdiyi kollektiv həftəsonu yarımfinal matçında yarışın əsas favoriti "Xan Lənkəran"ı məğlub etməyi (2:1) bacardı.
Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov qələbə təəssüratlarını Fanat.Az-la bölüşüb:
"Maraqlı oyun alındı. Düşünürəm ki, qarşılaşmanı izləyənlər hər iki komandanın sərgilədiyi oyundan razı qaldı. Azarkeşlərimizə ayrıca təşəkkürümü çatdırıram. Komandanı sonadək dəstəklədilər. Bir də rəqib komandanın prezidentinin açıqlaması bizə əlavə motivasiya oldu. "Araz Naxçıvan"ı çox ciddi rəqib saymadığını, finala vəsiqəni asanlıqla qazanacaqlarını demişdi. Əlbəttə, hər kəsin subyektiv fikri var. Ancaq heç bir rəqibi aşağılamaq olmaz. Komandanı "Cəbrayıl"la oyuna da lazımi şəkildə motivasiya edəcəyik. Final qarşılaşması çox maraqlı olacaq. "Cəbrayıl" da finala əzmkar qələbə qazanaraq yüksəldi. Bu, onların xarakterindən xəbər verir. Finala layiqli şəkildə gəlib çıxıblar".
Təcrübəli mütəxəssis final matçı ilə bağlı planlarını da açıqlayıb:
"Yarımfinal oyunundan sonra Naxçıvana dönməyib Bakıda məskunlaşmışıq. "Days Hotel"də qalırıq. İnşallah, final üçün Şamaxıya mayın 19-da yollanacağıq. Son məşqlərimizi orada keçirəcəyik. Yeni istifadəyə verilən Şamaxı stadionunda ilk önəmli oyun olacaq. Özümüzü evdəki kimi hiss edəcəyik. Yəqin ki, azarkeşlərimiz ora da gəlib bizi dəstəkləyəcəklər. Ümid edirəm ki, tamaşaçıların zövqünü oxşayacaq oyun sərgiləyəcəyik".
Bağırov həmçinin növbəti mövsüm Birinci Divizionda yerli futbolçuların xidmətindən yararlanacağını bildirib:
"Məncə, bizi ciddiyə almayan rəqiblər Naxçıvan çempionatında rəqabətin az olmasına görə belə düşünürdülər. Əslində, haqlıdırlar. Amma biz həmin geriliyi aradan qaldırmaq üçün Türkiyəyə təlim-məşq toplanışına yollandıq. Sevinirəm ki, Ərzurum toplanışından sonra komandada artım müşahidə olunur. Tədricən daha yaxşı çıxış edirik. Məni sevindirən daha bir məqam komandada Naxçıvandan olan gənc oyunçuların olmasıdır. "Xan Lənkəran"la oyunda bir neçəsinə güvəndim və yanılmadım. Növbəti mövsüm Birinci Divizionda həmin uşaqlara tez-tez şans verəcəyəm".
Qeyd edək ki, Region Liqasının finalı 20 mayda, saat 16:00-da Şamaxıda keçiriləcək.
Mirağa