Futbol üzrə I Divizionun cari mövsümü sona çatıb. Turnirin qalibi "Qaradağ Lökbatan" olubsa, ikinci yeri "Şamaxı 2", üçüncü yeri isə "Qarabağ"ın əvəzediciləri tutub.
Şamaxının eyniadlı klubunun "dubl"unu son oyunlara çıxaran Rail Məlikov peşəkar liqada baş məşqçi olaraq ilk addımlarını atıb.
36 yaşlı mütəxəssis gümüş mükafata layiq görülməsi və gələcək planları ilə bağlı Fanat.Az-a danışıb.
Məlikov əvvəlcə təəsüratlarını bölüşüb:
"Təəsüratlarım sözsüz ki, yaxşıdır. Qarşımda hədəf var idi. Məqsədimə çatdım. Turniri mükafatçılar sırasında başa vurmağım mənə stimul verdi. Məşqçi karyeramda daha bir addım atdım.
Mən gələndə də komanda ikinci sırada gedirdi. Çoxları fikirləşə bilər ki, Rail hazır, ikinci yerdə olan komandaya gəlib və mövsümü bu yerdə də bitirməli idi. Bu, kənardan asan görünə bilər. Amma nə qədər məsuliyyətli və çətin iş olduğu bir çoxuna məlum deyil. Tuirnir cədvəlində xal baxımından bir-birinə sıx olan komandalar var idi. Onlarla yüksək səviyyədə mübarizə aparmalıydıq. Yəni itirəcəyimiz 1 xal bizi 2-dən 5-ci və ya 6-cı yerə sala bilərdi. İkinciliyi qoruyub saxlamaq heç də asan deyildi.
Rəhbərlik mənə güvəndi. Bu etimadı doğrultmaq lazım idi. Bunun nə dərəcədə çətin olacağını başa düşürdüm. Düzdür, baş məşqçi olaraq "B" kateqoriyasına görə 14 yaşlı futbolçularla işləmişəm. Belə götürsək, Birinci Divizion peşəkar liqa sayılır. Öz ideyalarım və fikirlərim var. İlk dəfə bir az ağır gəlirdi, amma köməkçi-məşqçilərin dəstəyi nəticəsində pis alınmadı. Elmir və Vidadi müəllimi qeyd edərdim. Onların da əməyi oldu bu işdə. Üç gün keçəndən sonra hər şey mənə daha rahat gəldi. Futbolçularla işləməkdən həzz alırdım".
- Kluba gələndən sonra keçmiş baş məşqçi Rüstəm Əliyevlə məsləhətləşirsiniz, yoxsa öz sisteminizlə oynamağa üstünlük verirsiniz?
- Əlbəttə ki, komandanın üzərində Rüstəm Əliyevin zəhməti böyükdür. Söz yox ki, məsləhətləşməmiz olub. Birdən-birə komandanı götürüb öz fikrimlə davam etməyim düzgün olmazdı. Çempionatın sonudur. Nəyisə dəyişmək riskli addım ola bilərdi. Mərhələli şəkildə nəyisə dəyişmək olar, amma bunun üçün vaxt lazımdır. Bir məşqçi kimi 3-5-2 sisteminə mən də üstünlük verirəm. Bu sistemlə "Sumqayıt"da oyunlar keçirmişəm və kifayət qədər anlayışım var. "Turan Tovuz"la oyundan (4:2) sonra heyətdə öz fəlsəfəmə uyğun cüzi dəyişikliklər etdim. MOİK üzərində qələbə qazandığımız son oyunda isə (6:0) artıq istədiyim sistemlə oynayırdıq. Görünür bu, öz effektini verdi. Fikrimi daha çox hücuma yönəltdiyimə görə 3 oyuna 15 qol vura bildik. Uşaqlar da mənim istifadə etdiyim sistem üzrə oynadılar. Burada onların da əziyyətini danmaq olmaz. Verdiyim tapşırıqların hamısı onlar tərəfindən yerinə yetirilir.
- "Şamaxı 2"-dəki karyeranız necə olacaq? Qalacaqsınız, yoxsa növbəti mövsüm yenidən əsas komandada köməkçi-məşqi kimi çalışacaqsınız?
- Bu barədə mənə hələ heç bir şey bəlli deyil. Hələlik ikinci komandanın baş məşqçisi olaraq fəaliyyətimi davam etdirirəm. Qalacağım halda, kimlərlə işləmək istədiyim mövzuda götür-qoy edirəm. Futbolçu olaraq kimlər lazım ola biər, kimlər yox, bunu da düşünürəm. Amma qalacağam, yoxsa gedəcəyəm, bu barədə qətiyyən məlumatım yoxdur. Yaxın günlərdə bu suallara cavab tapılacaq.
- İndiki heyət necədir? Sizi qane edir?
- Komandanın futbolçularında yaxşı potensial müşahidə etdim. Belə oyunçularla işləyən məşqçi öz uğurlarını yenə təkrar edə bilər. Heyətdə böyük dəyişiklik planlarıma daxil deyil.
- Hazırda hansı kateqoriyaya sahibsiniz və növbəti dərəcəni almağı nə zaman planlaşdırırsınız?
- "B" kateqoriyasını hələ ki, yeni almışam. "A" kateqoriyasını oxumaq hər bir məşqçinin istəyidir. Həmin kateqoriyanı oxumağa nə zaman gedəcəyim hələ məlum deyil. Təbii ki, planlarıma daxildir.
Emin Şəmsiyev