Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turu seriyasının dördüncü mərhələsində bu gün növbəti görüşlərini keçirəcək.
Fanat.Az xəbər verir ki, "Chessable Masters" adlanan onlayn turnirin ikinci günündə daha 4 tur oynanılacaq. 37 yaşlı qrossmeyster öncə ağ fiqurlarla Norveç təmsilçisi Aryan Tari ilə üz-üzə gələcək.
Məmmədyarov X turda isveçli Nils Qrandeliusla qara, XI turda hindistanlı Rameşbabu Praqqnanandha ilə ağ fiqurlarla oynayacaq. Təcrübəli şahmatçı XII turda "qaralar"la digər hindistanlı Pentala Harikrişna ilə qarşılaşacaq.
Şəhriyar 8 turdan sonra 9 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Sıralamaya 18 xalla Y.Vey başçılıq edir.
16 şahmatçı yarışın ilk dörd günündə dairəvi sistem üzrə mübarizə aparacaq. 15 turdan sonra ilk "səkkizlik" adını pley-off mərhələsinə yazdıracaq.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
"Chessable Masters"
IX tur: Şəhriyar Məmmədyarov - Aryan Tari (Norveç)
X tur: Nils Qrandelius (İsveç) - Şəhriyar Məmmədyarov
XI tur: Şəhriyar Məmmədyarov - Rameşbabu Praqnanandha (Hindistan)
XII tur: Pentala Harikrişna (Hindistan) - Şəhriyar Məmmədyarov