Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda "Qəbələ" evdə "Sabah"la 1:1 hesablı heç-heçə edib.
Fanat.Az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında görüşü şərh edib:
"Oyun çox dinamik alındı. Cari mövsümdə son matçımız olsa da, komandalar meydanda məzmunlu oyun nümayiş etdirdilər. Futbolçular oyunu çirkinləşdirməyə meylli deyildilər. Açıq futbol getdi. Düşünürəm ki, hər iki komandaya alqış düşür. Çoxlu sayda qol epizodları yaratdıq. Sonda qalib də gələ bilərdik. Komandam verilən taşırıqları yerinə yetirməyə çalışdı. Daha üst pillədə ola bilərdik. Amma ümumi götürəndə, çempionatın bizim üçün necə ağır keçdiyini dəyərləndirsək, avrokuboklara vəsiqə qazanmağımızdan məmnunuq. İnanıram ki, bu heyəti qoruyub saxlayacağıq. Daha da güclənmək mütləqdir".
42 yaşlı mütəxəssis hələlik avrokuboklar barədə düşünmədiklərini söyləyib: "Əvvəlcə komandanı istirahətə buraxıb, heyəti komplektləşdirməliyik. Bundan sonra iddialı olmaq barədə danışmaq olar".