Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün beşinci turun oyunları keçirilib.
Hesabat turu liderin gözlənilməz məğlubiyyəti ilə yadda qalıb. 3,5 xalla sıralamaya başçılıq edən Gövhər Beydullayeva qara fiqurlarla Ləman Hacıyevaya uduzub.
İkinci pillədəki Ülviyyə Fətəliyeva isə ağ fiqurlarla Türkan Məmmədyarovaya uduzub. Xanım Balacayeva - Gülnar Məmmədova, Xəyalə Abdulla - Ayan Allahverdiyeva duelləri isə "sülh"lə başa çatıb.
Məğlubiyyətə rəğmən, G.Beydullayeva ilk pillədəki mövqeyini qoruyub. Ü.Fətəliyeva və X.Abdulla 3 xalla ikinci-üçüncü yerləri bölüşdürür.
Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət yarışa mayın 23-də yekun vurulacaq. Çempionatın mükafat fondu 11 400 manat təşkil edir. Qalib 4000 manat qazanacaq.