Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilib. Fanat.az xəbər verir ki, "Hilton" otelində baş tutan tədrbirdə 10.30-da başlayıb. Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
Konfransda Bakıya gələn UEFA-nın vitse-prezidenti Şenes Erzik də iştirak edib. AFFA-nın 35 üzvündən 33-ü konfransa qatılıb. Bundan başqa çox sayda qonaq və media nümayəndəsi də iclasın gedişini izləyib.
Konfransda AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edib: "UEFA səviyyəsində bir tədbir keçirmək istəyirik. Şenes Erziyə Bakıya səfər etdiyi üçün minnətdaram. Yeni layihələrimiz var ki, bu gün sizi onlarla tanış edəcəyik. 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Bakının sənədlərini 2020-ci il Avropa çempionatına ev sahibliyinə namizəd şəhər kimi verilib. Artıq sənədləşmə işlərinin başa çatıb və apreldə çıxarılacaq qərarı gözləyirik. Bakı qalib seçiləcəyi halda, oyunları yüksək səviyyədə keçirməyə hazırıq".
UEFA-nın 1-ci vitse-prezidenti Şenes Erzik çıxış edib: "Hörmətli qardaşlar! Qardaşlar deyirəm, çünki mən Türkiyədən gəlirəm və eyni dildə danışırıq. Prezidentim Mişel Platini və İcraiyyə Komitəsi üzvləri adından sizləri salamlayıram. Azərbaycanın müstəqilliyindən 22 il ötür. O zamanlar büdcəmiz az idi və federasiyalara göstərilən maddi yardımlar çox deyildi. Bu gün görülən işlər əlbəttə ki, keçmişi unutdurur. Deməli, o vaxtlar gördüyümüz işlər sağlam təməl üzərində qurulub. Bu gün gələcək üçün görüləcək işlərə görə AFFA prezidentini təbrik edirəm. Son 5 ildə böyük işlər görülüb. Uşaq futboluna ayrılan sərmayələr mütləq öz nəticəsini verəcək. Azərbaycan yığması 9 xal toplayıb. Son illərdə uğur qazanan bir komanda yaranıb. Azərbaycan futbolu bizim kimi aşağıdan başlayaraq, yuxarıya çıxmaq fəlsəfəsini bacaraq. O vaxt AFFA üzv olmaq üçün bizə müraciət edəndə Azərbaycanın oyun keçirmək münasib stadionu yox idi. Azərbaycan ilk təsnifat mərhələsini Türkiyədə, Trabzonda oynadı. İndi isə çox şey dəyişib. Hər kəsə təşəkkür edirəm. Berti Foqtsa da gördüyü işlərdən dolayı təşəkkürümü bildirirəm".
AFFA-nın baş katibi Elxan Məmmədov hesabat dövrü ərzində görülmüş işlərdən danışıb: “Yeniyetmələrdən ibarət səkkiz, qızlardan ibarət üç və həvəskarlardan ibarət iki liqada 10 min nəfərdən çox futbolçu çıxış edir. Biz kütləviliyə qoyuluş etmişik. Bununla da biz bir növ, müxtəlif liqalardan ibarət piramida yaratmışıq”.
Məmmədov ölkəmizin AVRO-2020-yə namizədliyini irəli sürməsi haqda da danışıb. "Biz namizədliyimizi 2 formatda təqdim etməliyik. Biri çap, digəri isə onlayn şəlkildə. Daha sonra aprel ayında gəlib yoxlama aparacaqlar. Bundan sonra sentyabrda veriləcək qərarı gözləməliyik. Biz inanırıq ki, namizədliyimiz uğurlu olacaq".
Baş katib dünyada irqçiliyə qarşı mübarizənin aparıldığını və ölkəmizdə də bu yöndə müsbət işlərin görüldüyünü diqqətə çatdırıb. Bununla bağlı video-çarx göstərilib.
Maliyyə və Mühasibat Departamentinin rəisi Əli Cavadov 2013-cü ilin maliyyə hesabatını təqdim edib. Məlum olub ki, AFFA-nın gəliri 29 milyon 510 min 884 manat, xərcləri isə 19 milyon 811 min 919 manat xərc təşkil edib. Bu məbləğin 18 milyon manatı sponsor ARDNŞ tərəfindən yatırılıb. Bunlardan 9 milyon 85 min 143 manat millimizə, 1 milyon 711 min 247 manat isə AFFA-nın nəzdində olan stadionlara sərf edilib. Azərbaycan milli komandasının oyunlarının yayım hüququndan 3 milyon manat gəlir əldə olunub. 2014-cü ildə 19 milyon 700 min manat xərc planlaşdırılır.
Bakı şəhər auditor təşkilatının nümayəndəsi Babək Məmmədov AFFA-nın maliyyə vəziyyətinin qaydasında olduğunu bildirib. Maliyyə hesabatı səsə qoyularaq, qəbul edilib.
Qeyd edək ki, Konfransdan dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası başlayıb. Bu iclasda bir sıra mühim qərarların qəbul olunması gözlənilir. Xüsusən də legioner limitinə baxılacaq və 21 yaş məsələsi yenidən müzakirə olunacaq. İclasa komitə üzvləri ilə yanaşı, UEFA-nın vitse-prezidenti Şenes Erzik, PFL-in prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov, "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli və "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov iştirak edəcək.
Fanat.az