"Qarabağ" komandasının veteran futbolçuları Ağdama səfər ediblər.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin veteran oyunçusu Təbriz Həsənov sosial şəbəkə hesabında paylaşım edib.
Hazırda "Sabah" klubunun akademiyasında çalışan təcrübəli mütəxəssis saytımıza açıqlamasında səfər təəssüratlarını bölüşüb: "Qarabağ"ın veteran futbolçuları 30 ildən sonra "İmarət"də olduq. Baş məşqçimiz olmuş Ağasəlim Mircavadov, onun köməkçisi Nazim Mehrəliyev, futbolçulardan mən, Səttar Əliyev, Müşfiq Hüseynov, Elşad Əhmədov, Elşad Xudadatov və başqaları gedib ziyarət edib qayıtdıq. Sonuncu dəfə "Turan"a qarşı oynamışdıq "İmarət"də... Stadionu o vəziyyətdə gördük, ürəyimiz ağrıdı. Dağıntıları qalıb, tanımasan, orada stadion olduğunu bilməzsən.
Səfər çərçivəsində Ağdamın Şəhidlər xiyabanını ziyarət etdik, məsciddə, Şahbulaqda olduq. Çox təsirləndik. Qəribə duyğularla qayıtdıq.
1990-cı ilin dekabrında "Qarabağ"a keçmişdim, əvvəl ittifaq çempionatındakı oyunlarımızı orada keçirirdik. Daha sonra milli çempionatımızda çempion olan ili "İmarət"də oynamışdım. 1993-cü ilin may ayında biz oranı tərk etdik, iyulda Ağdam işğal olundu. Şükürlər olsun, Ali Baş Komandanın və müzəffər ordumuzun sayəsində şəhər yenidən bizdədir. İşğaldan azad olunmuş torpaqlar yenidən bərpa olunur. Gövhər Ağa məscidini ziyarət etsək də, içəri girə bilmədik. Çünki təmir işləri gedirdi. İnşallah, tezliklə şəhər tam bərpa olunar, stadion inşa olunar, "Qarabağ" gedib yenidən "İmarət"də oynayar".
Mirağa