Bu gün Türkiyənin Qaziantep şəhərində karate üzrə Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk gündə Azərbaycanın 6 karateçisi tatami üzərinə çıxacaq. Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, kişilərin 75 kiloqram çəki dərəcəsində çıxış edən 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev 1/16 final mərhələsində kiprli Panayiotis Loizideslə üz-üzə gələcək.
84 kq-dakı Turqut Həsənov eyni mərhələdə portuqaliyalı Tomas Silva, 84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı yunanıstanlı Georgios Tzanosla görüşəcək.
Qadınların yarışında Alya Rzazadə (61 kq) 1/8 finalda Alessandra Mangiaçapra (İtaliya) - Aleksandra İlankoviç (Macarıstan) cütünün qalibi ilə, Tokio Olimpiadasının digər gümüş mükafatçısı 68 kq-da mübarizə aparan İrina Zaretska eyni mərhələdə Alizi Agier (Fransa) - İvona Kavar (Bosniya və Herseqovina) duelinin güclüsü ilə döyüşəcək.
Nəhayət, 68 kq-dan yuxarı çəkidəki Fəridə Əliyeva 1/16 final mərhələsində serbiyalı İvana Peroviçlə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur.