"Neftçi" İdman Klubu (Neftçi" İK) 19 yaşlılardan ibarət komandasını ləğv edtməyə qərar verib.
Klubun koordinatoru Məhərrəm Həsənovun Fanat.Az-a verdiyi açıqlamaya görə, ən böyük yaş qrupu növbəti mövsüm Azərbaycan çempionatında iştirak etməyəcək:
"Düz eşitmisiniz, U-19 liqasına komanda buraxmamağa qərar verdik. Mənasız işdi, çünki gələnə-gedənə böyük hesabla uduzuruq. Biabır olmuşuq. Bu yaş qrupunda perspektiv görmürük. Bu mövsüm elə uşaq var idi ki, Azərbaycan çempionatında ilk dəfə iştirak edirdi. Sürəti və ya fiziki göstəriciləri hesabına nəsə bacaracağına ümid edib götürmüşdük. Premyer Liqa klublarının U-19 komandalarının hər cür təminatı var, Ən azından birinci divizionda oynamaq onlar üçün motivasiyadır. Düzdür, bizim uşaqlardan da bir-iki nəfər "Qaradağ Lökbatan"a keçib. Ancaq ümumilikdə seleksiya üçün şəraitimiz, o cümlədən maddi gücümüz yoxdur".
"Neftçi" İK rəsmisi digər yaş qrupları üzrə liqalara komanda buraxacaqlarını bildirib.
Qeyd edək ki, "Neftçi" İK Gənclər Liqasında başa çatan mövsümdə 9 komanda arasında sonuncu yeri tutub və 24 oyunda cəmi 1 qələbə qazanıb. Paytaxt təmsilçisi bu görüşlərdə 7 qol vurub və qapısında 84 top görüb.
Mirağa