İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni sahibi olduğu "Montsa"nın A Seriyasına yüksəlməsi və hədəfləri ilə bağlı açıqlama verib.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, 85 yaşlı klub rəhbəri 2018-ci ildə aldığı "Montsa"nı A Seriyasındakı debüt ilində Çempionlar Liqasında görməyi hədəfləyib:
“Keçən il buna nail olacağımızı düşünürdük, lakin bəxtimiz gətirmədi. Bu dəfə bütün mövsüm mübarizə apardıq. Asan deyildi, amma biz bunu bacardıq və budur, A Seriyasındayıq. 1912-ci ildə qurulan "Montsa" kimi bir klub üçün 110 ildən sonra A Seriyasına çıxmaq heyrətamizdir. Bu, Montsanın bütün sakinləri üçün qeyri-adi hadisədir. Montsa 70 mindən çox sahibkarı olan İtaliyanın ən çalışqan əyalətlərindən biridir.
A Seriyasında çempion olub Çempionlar Liqasına düşməliyik. Niyə də yox? Mən həmişə qalib gəlməyə öyrəşmişəm, baxaq görək. Ümumiyyətlə, başa çatan mövsüm tam ürəyimcə oldu: "Milan" İtaliya çempionu oldu və "Montsa" A Seriyasına yüksəldi".
Qeyd edək ki, Berluskoni 2018-ci ildə "Montsa"nı üç milyon avroya (3,4 milyon dollar) alarkən klub C Seriyasında mübarizə aparırdı. Komanda 2020-ci ildə B Seriyasına yüksəlib. 2020/2021 mövsümündə Kevin-Prins Boatenq və Mario Balotelli kimi böyük futbolçularla istəyinə çata bilməyən "Montsa" nəhayət, bu mövsüm A Seriyasına yüksəlib. Berluskoni klubun idarəçiliyini "Milan"da sağ əli olan 77 yaşlı Adriano Qallianiyə həvalə edib. Sabiq baş nazirin dövründə "Milan" avrokuboklarda beş, A Seriyasında isə səkkiz titul qazanıb.
Mirağa