İyunun 3-də UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan yığması ilk oyununa çıxacaq. Millimiz səfərdə Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.
2007-ci ildə yığmamız səfərdə Mərkəzi Asiya təmsilçisi ilə 4-cü oyununu keçirib. Həmin matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. 15 il öncəyə təsadüf edən görüşdə komandamızın yeganə qolunu o dönəmdə "Xəzər - Lənkəran"da top qovan Vüqar Nadirov vurub. Nadirov Qazaxıstan millisinin qapısına növbəti dəfə 2011-ci ildə, Azərbaycan yığmasının qonaq qismində 1:2 hesabı ilə məğlub olduğu oyunda yol tapıb.
34 yaşlı veteran Fanat.Az-a açıqlamasında sabah keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb:
"Qazaxıstan milli komandasında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Bu, oyunlarına baxanda görünür. İstənilən halda, Azərbaycanla eyni səviyyədə olan komandadır. Düşünürəm ki, başa-baş mübarizə izləyəcəyik. Hazırda Qazaxıstanda ölkə çempionatı gedir. Futbolçular bizim millinin oyunçuları ilə müqayisədə daha hazırlıqlıdır. Azərbaycan yığmasının üzvlərində isə yorğunçuluq var. Hamı istirahətə getmək istəyir. Biz oynayan dövrdə də belə faktlar olurdu. Düşünürəm ki, bayrağımızı ucaltmaq uğrunda bu amillər ikinci plana keçməlidir. Futbolçularımız bütün fikirlərini cəmləyib oyuna köklənməlidirlər. Məşqçi və futbolçular əl-ələ verib mübarizə aparmalıdır. Komandanın çalışdırıcısı futbolçulara tapşırıqlarını verir və öz sxeminə uyğun oyun qurmağa çalışır. Bu zaman təbii ki, futbolçuların da üzərinə məsuliyyət düşür".
Nadirov sabahkı oyunda kimin fərqlənə biləcəyi barədə təxminlərini də dilə gətirib:
"Mahir Emreli neçə vaxtdır ki, fərqlənmir. Bu oyun onun üçün şansdır. Ramil Şeydayevin və Renat Dadaşovun da fərqlənə biləcəyini düşünürəm. Kimin daha çox oyun vaxtı alacağına baş məşqçi qərar verəcək. Bir və ya iki forvardla oynayacağımızı da sabah biləcəyik. İstənilən halda, uğurlar arzulayırıq millimizə".
Emin Şəmsiyev