“Elvinin futbolla bağlı arzuları həyata keçmədi. Belə deyək, o uşağın futbolda bəxti gətirmədi”. Fanat.az xəbər verir ki, bu sözləri PFL prezidenti Ramin Musayev deyib.
Qurum başqanı son klubu “Qarabağ” olan oğlunun – Elvin Musazadənin ruhdan salındığını vurğulayıb: “Azərbaycanın uşaq futbolu deyəndə ağlıma ilk olaraq İslam Kərimov gəlir. İslam bəy sağ olsun, yetişən, püxtələşən vaxtlarda Elvinə şans vermədi. Elə həmin vaxtdan onda özünəinam itdi, oyun təcrübəsinin azlığından əziyyət çəkdi. Sonradan hansı komandaya getdisə, “sənin oyun təcrübən yoxdu” deyib uşağı ruhdan saldılar. Sağ olsun Georgi Hacievski, az-çox o nəsə etmək istəyirdi. Ancaq Hacıevski işindən ayrılmalı oldu. Üz tutduğu başqa klublarda oynamağa imkan vermədilər. Futbolda heç kimlə üz-göz olmaq istəmədim. Ona görə də futboldan ayrılmasını istədim”.
Ata Musayev övladının elm dalınca düşdüyünü açıqlayıb: “Ata kimi ona bir cümlə dedim: oğul, ən yaxşısı elmdi, get, elmlə məşğul ol. O da nə demək istədiyimi anlayıb futboldan ayrıldı. İndi Allaha şükür, xarici ölkələrin birində ingilis dilini öyrənir. İqtisad Universitetini bitirib. İngilis dilini öyrənəndən sonra xaricdə magistr təhsili almaq üçün imtahan verəcək. Qoy indidən öz gələcəyini qursun”.
“Futbol+” qəzeti