Azərbaycan Premyer Liqasında iştirakı artıq təsdiqlənən "Kəpəz" klubu heyətlə bağlı seleksiya işinə start verib. Bir neçə futbolçunun adı Gəncə təmsilçisi ilə hallanır ki, onlardan biri “Səbail”dən ayrılan Rauf Əliyevdir. 33 yaşlı hücumçunun yaxın vaxtlarda "sarı-göylər"lə müqavilə bağlayacağı gözlənilir.
"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Fanat.Az-a verdiyi açıqlada yeni transferlərlə bağlı qısa müddətdən sonra rəsmi məlumat təqdim olunacağını deyib:
"Bu yöndə çalışmalarımız davam edir. Gələn həftə yeni xəbərlər olacaq. Rauf və ya qeyrilərinin adını çəkmək istəmirəm, çünki rəsmi heç nə yoxdur. Təkliflərimizi bildirəndən sonra biri iki, o biri üç gün vaxt istəyib. Ortada rəsmi anlaşma olmadan ad çəkmək peşəkar yanaşma olmaz".
Təcrübəli mütəxəssis "Kəpəz"i tərk edən futbolçuların adlarını açıqlayıb:
"Birinci Diviziondakı heyətdən beş futbolçu ilə yolları ayırdıq. Daha doğrusu, müqavilələrinin müddəti bitmişdi, yeni anlaşmaya ehtiyac duyulmadı. Beləliklə, İbrahim Qədirzadə, Emil Qasımov, Roman Hüseynov, Vüqar Həsənov və Qaraxan Əliyevlə vidalaşdıq".
Vahabzadə növbəti mövsümün hazırlıqlarına iyunun 20-də başlayacaqlarını vurğulayıb:
"Ayın 20-də Gəncədə yığışmağı planlaşdırırıq. O vaxta kimi heyətlə bağlı bir çox suallara aydınlıq gətirmək istəyirik ki, komandanın özəyini qura bilər. Ancaq hazırlığın gedişində də seleksiya prosesi davam edəcək. Təlim-məşq toplanışında düşərgəyə baxışa futbolçular dəvət olunacaq".
Mirağa