3x3 basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Kiprin Limassol şəhərində təşkil olunan Avropa çempionatının seçmə mərhələsində qrup oyunlarını keçirib.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan millimizin rəqibləri Kipr, Lüksemburq və Andorra komandaları olub.
İlk görüşdə Kipr basketbolçuları ilə qarşılaşan yığmamız rəqibinə 19:11 hesabı ilə qalib gəlib. İkinci matçda komandamız Lüksemburq yığması ilə üz-üzə gəlib və oyundan 16:10 hesablı qalibiyyətlə ayrılıb. Qrupun sonuncu görüşündə millimiz Andorra basketbolçuları ilə münasibətləri aydınlaşdırıb. Matç kollektivimizin 21:13 hesablı qələbəsi ilə bitib.
Beləliklə, Azərbaycan komandası qrup qalibi kimi birbaşa yarımfinala yüksəlib. 2-3-cü yerləri tutan komandalar 1/4 finalda mübarizə aparacaq. Bu oyunlar iyunun 5-də keçiriləcək.
Qeyd edək ki, seçmə mərhələnin finalçıları sentyabrın 9-11-də Avstriyanın Qras şəhərində keçiriləcək Avropa Kubokuna vəsiqə qazanacaq.