21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Finlandiyayla Avropa çempionatının seçmə oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis 0:3 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:
İlk hissədə taktiki oyunumuz sayəsində finlərə qapımız qarşısında təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Ümumiyyətlə, fasiləyə kimi rəqibdən heç bir cəhətdə geri qalmadıq. İkinci hissədə Finlandiya millisinin daha çox hücum edəcəyini bilirdik. Çünki onlara qələbə lazım idi. Bununla belə, komandamız dəqiq hücum sayəsində penalti vurmaq hüquqi qazandı. Təəssüf ki, Musa Qurbanlı penaltidən yararlana bilmədi. Ancaq ona heç bir iradım yoxdur. Musa komandanın aparıcı oyunçularından biridir. O, hər məşqə və oyuna peşəkarcasına yanaşır. İnanıram ki, Norveçlə qarşılamada Musanın qol vurmaq şansları olacaq. Hazırda bütün diqqətimizi Norveçlə oyuna yönəltmişik".
Qeyd edək ki, Azərbaycan yığması Norveçlə iyunun 14-də səfərdə üz-üzə gələcək. Drammen şəhərindəki "Marienlist" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.