Azərbaycanın daha iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 65 kq-da yer alan Seymur Qasımov həlledici qarşılaşmada yunanıstanlı Arionas Kolitsopulosla üz-üzə gəlib. Rəqibinə 2:5 hesabı ilə uduzan idmançımız gümüş medalı boynundan asıb.
İsmayıl Rzayev (80 kq) isə moldovalı Mihay Qutuyla bacarmayıb və komandamızın hesabına növbəti gümüş medalı yazıb.
Digər güləşçimiz Məzahim Mərdanov (110 kq) isə bürünc medal uğrunda yunanıstanlı Dimitrios Tanosla güləşib və rəqibinə məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Beləliklə, yunan-Roma güləşçilərimiz Avropa çempionatına 1 qızıl, 3 gümüş medalla start verib. Xatırladaq ki, daha əvvəl Fəraim Mustafayev (55 kq) qızıl, Elvin İbadov (48 kq) gümüş mükafata sahib çıxıb.