Bu gün "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqovun doğum günüdür.
Fanat.Az xəbər verir ki, uzun illər milli komandanın kapitanı olmuş veteran müdafiəçinin 40 yaşı tamam olur.
1982-ci ildə Bakıda dünyaya gələn Rəşad Sadıqov "Qarabağ”dan başqa ölkəmizdə "Turan” və "Neftçi”, Türkiyədə "Kayserispor”, "Kocaelispor” və "Əskişəhərspor”, İranda isə "Fulad” klublarında çıxış edib. O, "Qarabağ"la 5 dəfə Avropa Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb.
8 dəfə Azərbaycan çempionu (2 dəfə "Neftçi", 6 dəfə "Qarabağ"la), 4 dəfə Azərbaycan Kubokunun qalibi olan mərkəz müdafiəçisi, (1 dəfə "Neftçi"ylə, 3 dəfə "Qarabağ"la), 1992-ci ildən bəri keçirilən milli çempionatımızda, oyun sayına görə "Top-10"da yer alır.
2001-2017-ci illərdə millimizin şərəfini qoruyan Rəşad Sadıqov yığmada ən çox oyun keçirən (111) futbolçudu.
Rəşad Sadıqov futbolçu karyerası ilə paralel olaraq məşqçilik də edib. O, "Qarabağ"ın U-19 komandasının və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi olub.
Hazırda "Zirə"nin baş məşqçisi olan Sadıqov kluba ölkə çempionatının bürünc medalını və UEFA Konfrans Liqasına vəsiqə qazandırıb. Onun komandası bu mövsüm Konsfrans Liqasında İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq.