Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışına start veriləcək. İlk olaraq 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində yer alan pəhləvanlar xalça üzərinə çıxacaqlar.
Azərbaycan təmsilçilərindən Vasif Bağırov (48 kq) təsnifat mərhələsində rumıniyalı Kristian Andrey Nequrayla üz-üzə gələcək.
Camal Abbasov (55 kq) debütdə yunanıstanlı Pavlos Koronidislə gücünü sınayacaq.
İlyas İsayev (65 kq) ilk görüşdə slovakiyalı Ferents Daniel Kovaçla qarşılaşacaq.
Şəmistan Axundov (80 kq) 1/8 finalda litvalı Daniel Boyçukla güləşəcək.
Yusif Dursunovun (110 kq) ilk rəqibi isə macarıstanlı Marsel Yuritsa olacaq.
Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Yarımfinallara 18:00-da start veriləcək.
Qeyd edək ki, ilk üç gündə mübarizə aparan Azərbaycanın yunan-Roma güləşi millisi yarışı 2 qızıl, 5 gümüş və 1 bürünc medalla başa vurub. Yığma ümumilikdə 175 xal toplayaraq ardıcıl ikinci dəfə komanda hesabında Avropa çempionu olub. Yeniyetmə qızlardan ibarət millimizin hesabına isə 1 qızıl və 1 gümüş mükafat var.