UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək “Cəbrayıl” yarışın ilkin mərhələsində, iyunun 24 və 26-sı Belarusun “Kolas” klubu ilə üz-üzə gələcək.
Komandanın təsisçisi və baş məşqçisi Cavid Hüseynov Cəbrayıl təmsilçisinin son durumu ilə bağlı Fanat.Az-a müsahibə verib:
- Cavid bəy, artıq 4 gündən sonra UEFA Region Kubokunda oyunlarınız başlayır. Hazırlıq necə gedir?
- Hazırlığımız lazım olan səviyyədə gedir. Ayın 15-dən Şamaxı Olimpiya Kompleksində yığışmışıq. Region Liqasının qalibi olan futbolçuların 95 faizi ilə vidalaşdıq. Bu da təsadüfi deyil. UEFA-nın Region Kubokunda oynamaq üçün bəzi tələbləri var. Reqlamentə görə bu turnirdə komandalarda peşəkar futbolla bağlı olan oyunçular çıxış edə bilməz. Bizim komandada isə keçmişdə adları peşəkar liqada olan, əsas heyətə düşməsə belə, həmin turnirlərdə çıxış edən oyunçular var idi. Məcburiyyətdən həmin futbolçularla vidalaşmalı olduq. Bu UEFA-nın qoyduğu qaydalardır. Onlara fərq etmir, 5 il və ya 10 il keçib. Qayda qaydadır, biz isə riayət etməliyik.
- Heyətin 95 faizinin gedişi ciddi itkidir. Onların komandadan ayrılması irəlidəki oyunlarda komandaya necə təsir edəcək?
- Onların yerinə heyətimizi digər futbolçularla gücləndirmişik. Məsələn, Lənkərandan bəzi oyunçuları cəlb etmişik. Ümumiyyətlə, Region Liqasının bir sıra klublarının futbolçularını heyətə qatmışıq. Əvvəlcə 23 nəfər cəlb etmişdik. Amma sonradan məlum oldu ki, heyətdə ümumilikdə 18 oyunçu olmalıdır. Qeyd edim ki, bu barədə də bizə UEFA xəbər göndərmişdi. Yenidən məcbur olub 5 futbolçu ilə yolları ayırdıq.
- Bu kubokda çıxış edən bütün klublarda oxşar hadisələr baş verib?
- Onu deyə bilmərəm. Bilirsiniz nə baxımdan? Məntiqlə düşünsək, Region Kubokunda çıxış edəcək elə ölkələr var ki, onlarda 3-cü liqa mövcuddur. Bizə rəqib olan klublar ölkələrində 3-liqada hansı heyətlə oynayıbsa, elə həmin futbolçularla da davam edəcəklər. Bizdə isə 3-cü divizion olmadığı üçün Region Liqası mövcuddur. Odur ki, bu barədə dəqiq bir şey deyə bilməyəcəm.
- Bəs qurduğunuz yeni heyətin futbolçuları necə təsir bağışlayır? Bu turnirə yanaşmaları necədir?
- Yeni cəlb etdiyimiz futbolçularla ilk gündən yanaşma barədə danışmışıq. Şükür, razıyam. Aydın məsələdir ki, Region Liqasında peşəkarlıq lazım olan səviyyədə deyildi. Onları tam olaraq peşəkar yanaşmaya öyrətməyə çalışırıq. Mən sizə əvvəlki müsahibələrimdə də demişdim ki, oyunçuları yüksək motivasiya ilə tam peşəkarlığa kökləyirəm. Bu, əsas məqsəddir. Baxmayaraq ki, Region Liqasının səviyyəsi aşağıdır, çalışırıq bunu futbolçulara hiss etdirməyək. Məşqlərimizi yüksək səviyyədə keçirirk ki, gücümüzü toparlayıb nəticə əldə edək. Futbola peşəkar yanaşma bizim qüvvəmizi 25-30 faiz artırır.
- Yeni yaranan və dərhal Azərbaycan Region Liqasının çempionu olan komandanın bir nömrəli məqsədi yəqin ki, UEFA Region Kubokunu qazanmaqdır.
- Belə deyək... (gülür) Bəlkə də çox qabağa getdiniz... Əlbəttə ki, istəyimiz, məqsədimiz ona doğrudur. Bu, müzakirə olunmur. Amma kuboka gedən yol bir-iki oyun deyil. Əvvəlcə Belarusun "Kolas" klubu ilə qarşılaşmalıyıq. Daha sonra isə Qazaxıstan, Gürcüstan və Estoniyadan olan mümkün rəqiblərlə mübarizə aparacağıq. Hazırki məqsədimiz ilk rəqiblə - Belarus komandası ilə yaxşı oyun keçirib bu səddi keçməkdir. Kuboka sahib olmaq üçün mərhələli şəkildə uğurlu matçlar keçirmək, qələbələr qazanmaq lazımdır.
Emin Şəmsiyev