Serbiya millisinin sabiq futbolçusu Aleksandr Kolarov karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, 36 yaşlı müdafiəçi bundan sonra idman direktoru və skaut kimi fəaliyyət göstərəcəyini bildirib:
"Bilirdim ki, gec-tez bu məqam gələcək. Karyeramla bağlı olan bütün insanlara təşəkkür edirəm. Həyatımın bu mərhələsini, əldə etdiklərimdən böyük məmnunluq hissi duyaraq başa vururam. Ümid edirəm ki, meydanda və meydandan kənarda mənə dəstək olanların hamısının bu borcunu qismən də olsa ödəmişəm. İndi mən artıq futbol dünyasındakı “ikinci” həyatıma köklənmişəm. Tezliklə İtaliya Futbol Federasiyasının Kovercandakı Milli Futbol Mərkəzində idman direktoru və skaut kimi məşqlərə başlayacağam".
Kolarov zəngin karyerasına 2004-cü ildə "Çukariçki"də başlayıb. İki il sonra "OFK Belqrad"a, 2007-ci ildə isə oradan "Latsio"ya keçib.
Kolarov üç il sonra iki dəfə İngiltərə çempionu olduğu "Mançester Siti"yə transfer olub. "Şəhərlilər"ə yeddi il xidmət etdikdən sonra yenidən İtaliyaya qayıdıb. O, “Roma”da üç il oynadıqdan sonra keçən il İtaliya çempionluğunu qazandığı “İnter”ə keçib və karyerasını bu klubda başa vurub.
Kolarov Serbiya millisində 94 oyun keçirib və 11 qol vurub.
Mirağa