“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
- Bu gün ÇL-in ikinci təsnifat mərhələsinin püşkü atılır. Nə gözləyirsiz?
- Aydın məsələdi ki, ikinci mərhələdə bizə ortabab rəqib düşəcək. Amma biz buna görə arxayınlaşa bilmərik. Uzağa getmək istəməzdik. Çünki belə komanda yorula bilər və bu, oyunumuza təsirsiz ötüşməyəcək. Latviya, Estoniya, İrlandiya, Bolqarıstan klubları ilə oynamaq olar.
- Potensial rəqiblərinizin siyahısına baxmısız?
- Bəli. Amma biz yalnız bir mərhələ keçmək üçün hazırlaşmırıq. Bütün avrokuboklar mövsümünə ciddi hazırlaşırıq.
- Arzuladığınız rəqib var?
- Mən “Neftçi”nin Ermənistan “Shirak”ı ilə düşməsini istərdim. Bu, bizim üçün rəqibə gücümüzü göstərmək baxımından əla şans olardı. “Neftçi” hazırda regionun ən güclü klublarından biridi. “Shirak”la oyunlarda komandama əlavə motivasiya da lazım olmazdı.
- Yeni transferiniz Kardoso barədə fikirlərinizi bilmək istərdik...
- Mən onun oyununu görmüşəm və çox xoşuma gəlib. Universal oyunçudu. Bir neçə mövqedə çıxış edə bilər. Yaxşı fiziki göstəricilərə malikdi. Onu iş başında görmək istəyirəm. Əgər üzərində daha çox çalışsa, komandaya hətta ÇL-in startına qədər alışa biləcək.
- Daha neçə transfer gözləyirsiz?
- Bizə qapıçı, yarımmüdafiəçi və hücumçu lazımdı. Avstriya toplanışı daha bir neçə yeni oyunçuya baxacağıq. Müxtəlif ölkələrdən çoxlu legionerlər təklif edirlər. Amma “Neftçi” transferlərə çox ciddi yanaşır. Əcnəbilərin ümidlərimizi doğrultmasını istəyirik.
- Kanalesin məsələsi nə yerdə qaldı?
- “Neftçi” ona öz şərtlərini bildirdi. Amma görünür bu, onu qane etmir. İstənilən halda Kanales qalmasa, biz ona əvəzləyici tapacağıq. Mətbuatda onun digər Azərbaycan klubları ilə danışıqlar apardığı yazılsa da, bu, belə deyil. Onun müqaviləsində belə bir bənd var ki, digər Azərbaycan klublarına keçə bilməz. Kanalesdən fərqli, Vobayla artıq iki illik müqavilə imzalamışıq. Ümid edirəm ki, Erik Ramosla da bağlı məsələ müsbət həllini tapacaq.
- Azərbaycan klublarının güclənməsi sizi narahat etmir?
- Digər klubların heyətlərini gücləndirməsi bizi narahat edə bilməz. Əgər onlar da güclənsə, bu, yalnız Azərbaycan çempionatının xeyrinə olacaq.
İdman24.az