Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster VII turda qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gəlib. Matç 56-cı gedişdə rəqibin qələbəsi ilə yekunlaşıb. Bu, Rəcəbovun turnirdə ikinci məğlubiyyəti olub.
Teymur I, III, lV, V, VI turlarda, müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca, FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi, polşalı Yan-Kşiştof Duda, çinli Dinq Liren və macar Rixard Rapport ilə "sülh"ə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. Təcrübəli şahmatçı hazırda 2,5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 5,5 xala sahib Yan Nepomnyaşidir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
VII tur
Fabiano Karuana (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) 1:0
Rixard Rapport (Macarıstan) - Yan Nepomnyaşi (FIDE) 0:1
Dinq Liren (Çin) - Alireza Firuzca (Fransa) 0,5:0,5
Yan-Kşiştof Duda (Polşa) - Hikaru Nakamura (ABŞ) 0,5;0,5
Xal durumu: Nepomnyaşi - 5,5, Karuana - 5, Nakamura - 3,5, Rapport, Liren, Duda - 3, Rəcəbov, Firuzca - 2,5