Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qəbələ”nin planlarında dəyişiklik baş verib.
Klubun baş meneceri Nail Kərimovun Fanat.Az-a verdiyi məlumata görə, "qırmızı-qaralar" Türkiyədəki təlim-məşq toplanışının vaxtını bir həftə uzadıb.
İyunun 15-də Qəbələdə hazırlıqlara başlayan bölgə təmsilçisinin çalışmalarının ilk mərhələsi iyunun 30-dək davam edəcək. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. Komanda Boludakı “Termal” otelində məskunlaşacaq.
Əvvəlki plana görə, "Qəbələ" Boludan ayın 13-də Azərbaycana qayıtmalı və bir həftə sonra Macarıstana yola düşməli idi. Ancaq klub rəsmiləri belə qərara gəliblər ki, komanda "Fehervar"la avrokubok oyununa Türkiyədən birbaşa yollansın.
Beləliklə, "Qəbələ" Boluda iyulun 19-na kimi qalacaq və həmin gün İstanbul-Budapeşt reysi ilə birbaşa səfərə yollanacaq.
"Qırmızı-qaralar"ın Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 2 yoxlama matçı keçirməsi planlaşdırılmışdı. Son dəyişiklikdən sonra komanda daha bir sınaq matçı keçirə bilər. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.
Mirağa