İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə yunan-Roma güləşi üzrə daha beş çəkidə mübarizəyə start veriləcək.
Azərbaycan təmsilçilərindən Nihad Məmmədli (60 kq) 1/8 mərhələsində almaniyalı Eugen Schell ilə üz-üzə gələcək.
67 kq çəkidəki Kənan Abdullazadənin ilk rəqibi Maqomed Qataqayev (Fransa) olacaq.
Qurban Qurbanov (72 kq) təsnifatda Marius Dalsbotten (Norveç) ilə gücünü sınayacaq.
Rauf Əliyev (82 kq) isə 1/8 finalda slovakiyalı Matyas Szeileri sınağa çəkəcək.
Təsnifat görüşlərinə Bakı vaxtı ilə saat 13:00-da start veriləcək.
Bu gün həmçinin iki təmsilçimiz final qarşılaşmasına çıxacaq. Pəhləvanlarımızın hər ikisinin həlledici dueldəki rəqibi Rumıniya idmançıları olacaq. Nihad Quluzadə (55 kq) Denis Florin Mihai ilə, Laçın Vəliyev (87 kq) Patrik Yulian Qordan ilə üz-üzə gələcək.
Final qarşılaşmaları saat 20:00-da başlayacaq.
Qeyd edək ki, qitə birinciliyinə iyulun 3-də yekun vurulacaq.