Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" klubu yay transfer pəncərəsi dönəmində icarəyə götürdüyü oyunçular da daxil olmaqla heyətinə artıq 10 futbolçu qatıb.
Onlardan biri də Şəhriyar Əliyevdir. Qərb təmsilçisi "Şamaxı" klubunun sabiq müdafiəçisi ilə 1 illik müqavilə imzalayıb.
29 yaşlı futbolçu Fanat.Az-a müsahibəsində "Turan Tovuz"dan başqa komandalardan aldığını təkliflərdən danışıb və yeni klubuyla bağlı təəsüratlarını bölüşüb.
- "Turan Tovuz"a keçidin necə alındı?
- Bir neçə təklif var idi. Baş məşqçi ilə danışandan sonra nəyin necə olduğunu bilirsan. Ayxan Abbasovla danışıq apardıq və təklifi qəbul etdim. Həqiqətən də komanda qurmaq istədiyini anladım. Gənc, enerjili və iddialı çalışdırıcıdır. Bundan əlavə, futbolçu üçün can yandırır. Həm də bölgə komandasıdır. Mən region klubunda oynamışam. Tovuzda futbola olan marağın, dəstəyin və sevginin nə dərəcədə olduğunu bilirəm. Adicə müqavilə imzalayanda tovuzlu azarkeşlərin dəstəyini hiss edirsən. "Turan Tovuz"da oyuna çıxmaq üçün səbirsizlənirəm.
- "Şamaxı" ilə müqavilənin müddətini uzatmaq variantı var idi?
- Bəli. "Şamaxı" ilə müqavilə yeniləyə bilərdim. Sadəcə, uyğun olanı seçdim. Rəhbərliklə halallaşıb vidalaşdıq. Bəzi səbəblər var idi, ona görə də qalmaq istəmədim.
- Artıq "Turan Tovuz"da məşqlərə başlamısan. Təəssüratların necədir?
- Beş gündür məşq edirik. Düzdür, Tovuzdakı stadionda təmir işləri getdiyindən hələlik Bakıdayıq. Məşqlərimiz Ayxan Abbasovun tədbiq etdiyi bəlli proqram üzrə gedir. Şükürlər olsun ki, hər şey qaydasında və yüksək səviyyədə davam edir. Çalışdırıcımız yaxşı kollektiv formalaşdırıb. Legioner futbolçuların gəlişini də gözləyirik. Hər şey necə lazımdırsa, o şəkildə davam edir. Ayxan Abbasov istirahətdən gələn futbolçularla uyğun şəkildə dil tapır. Onlara xüsusi proqram tədbiq olunur. Bütün komanda üzvləri yüksək motivasiya ilə məşq edir. Düşünürəm ki, Premyer Liqanın yeni mövsümünə yaxşı komanda şəklində qədəm qoyacağıq.
- 9 ildən sonra Premyer Liqaya qayıdan komandanın iddiası nə olacaq? Qarşınıza nə məqsəd qoyulub?
- Qarşımıza ölkə çempionu olmaq və ya kimi avrokuboklarda çıxış etmək kimi məqsədlər qoyulmayıb. Əlbəttə, APL-də çıxış edən istənilən klubun amalı birinci olmaqdır. Amma çempionata 9 ildən sonra qədəm qoyan komandanın qarşısına belə tələb qoyulmayıb. Hələlik Premyer Liqada komanda şəklində düzgün formalaşmalı və hamı ilə mübarizə apara biləcək bir kollektiv olmalıyıq.
- Digər klublarda xarici futbolçularla çiyin-çiyinə oynamısan. Bu gün "Turan Tovuz"un büdcəsini nəzərə alsaq, heyətə legionerlərin cəlb olunmasını necə qiymətləndirirsən?
- Buna daha dəqiq baş məşqçi qərar verəcək. Mənim fikrimə gəlincə, deyim ki, istənilən klubda legionerin olması hər zaman arzuolunandır. Xaricdən gələn futbolçuların təcrübəsindən həm gənc, həm də yerli futbolçular yararlana bilər. Düşünürəm ki, bu yalnız komandanın xeyrinə olacaq.
Emin Şəmsiyev