Azərbaycan sərbəst güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında bir gümüş, bir bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabir Cəfərov finalda ermənistanlı Hayk Papikyanla qarşılaşıb. Görüşdən 2:3 hesabı ilə məğlub ayrılan idmançımız gümüş mükafata sahib çıxıb.
79 kq-da yer alan Səbuhi Əmiraslanov bürünc medal uğrunda görüşdə rumıniyalı Gigi Subtriçaya heç bir şans tanımayıb - 11:0.
Millimizin digər üzvü Varis Mehdizadə (97 kq) isə üçüncülük qarşılaşmasında gürcü Luka Xutçuaya 5:13 hesabı ilə uduzaraq beşinci olub.
Qeyd edək ki, sabah - yarışın son günündə daha bir sərbəst güləşçimiz qızıl medal, digər ikisi isə üçüncü yer uğrunda mübarizə aparacaq. Cəbrayıl Hacıyev (74 kq) finalda moldovalı Georgi Kara ilə güləşəcək. Ramik Heybətovun (61 kq) "bürünc" görüşündəki rəqibinin adına Abdullah Toprak (Türkiyə) ilə İlyas Abduraşidov (Belçika) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi arasındakı təsəlliveri görüşdən sonra aydınlıq gələcək. Fərid Cabbarov (86 kq) isə təsəlliverici qarşılaşmada Nandor Haydukla (Macarıstan) gücünü sınayacaq.