İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinin sonuncu günündə Azərbaycan sərbəst güləşçiləri bir qızıl və bir bürünc medal qazanıblar.
74 kiloqram çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Hacıyev finalda moldovalı Georgi Kara ilə qarşılaşıb. Rəqibinə tam üstünlüklə (11:1) qalib gələn Hacıyev Avropa çempionu olub.
"Bürünc"ü isə Ramik Heybətov (61 kq) ölkəmizin aktivinə yazdırıb. O, həlledici dueldə türkiyəli Abdullah Toprakı 1:0 hesabıyla yenib.
Üçüncü yer uğrunda mübarizə aparan digər təmsilçimiz Fərid Cabbarov (86 kq) ukraynalı Nazar Doda 3:5 hesabı ilə uduzaraq beşinci yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan sərbəst güləş millisi qitə birinciliyini 4 medalla başa vurub. Xatırladaq ki, ötən gün Sabir Cəfərov (70 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc mükafata yiyələnib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) qızıl medal qazanıb, Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Kənan Abdullazadə (67 kq) isə üçüncü yeri tutublar. Yığma ümumilikdə 102 xal toplayaraq komanda hesabında dördüncü olub. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) və Birgül Soltanova (62 kq) çıxışını qızıl, Əsmər Canqurtaranla (50 kq) Mərziyə Sadıqova (72 kq) bürünc medalla başa vurub. Milli 92 xalla beşinci olub.