Ölkəmizi UEFA Konfrans Liqasında tərk edəcək "Qəbələ” Türkiyəyə yollanıb.
Fanat.Az xəbər verir ki, təlim-məşq toplanışının əsas mərhələsini Boluda keçirəcək “qırmızı-qaralar” iyulun 19-dək qardaş ölkədə hazırlaşacaq. Komanda Boludakı “Termal” otelində məskunlaşacaq.
Hazırlıq prosesində “Qəbələ” iki yoxlama oyunu keçirəcək. Bölgə təmsilçisi sabah Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, UEFA Konfrans Liqasında qüvvəsini sınayacaq “qırmızı-qaralar” II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la görüşəcək. İlk oyun iyulun 21-də səfərdə, cavab qarşılaşması bir həftə sonra Qəbələdə baş tutacaq. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Macarıstana Türkiyədən birbaşa yollanacaq.