Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün son görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster XIV turda qara fiqurlarla Macarıstan şahmatçısı Rixard Rapport ilə üz-üzə gəlib. Rəcəbov ilk dövrədə heç-heçə etdiyi rəqibini bu dəfə matçın 33-cü gedişində məğlubiyyətə uğradıb.
Beləliklə, xalını 7,5-ə çatdıran Teymur turniri üçüncü pillədə başa vurub.
Yarışın qalibi adını FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi qazanıb. 32 yaşlı qrossmeyster 14 turdan 9,5 xal toplayıb və ikinci pillədəki Dinq Lireni (Çin) 1,5 xal qabaqlayıb. O, bununla, ardıcıl ikinci dəfə norveçli Maqnus Karlsenlə dünya şahmat tacı uğrunda görüşə vəsiqə əldə edib.
İddiaçılar Turniri
XIV tur
Rixard Rapport (Macarıstan) - Teymur Rəcəbov (Azərbaycan) 0:1
Fabiano Karuana (ABŞ) - Alireza Firuzca (Fransa) 0:1
Dinq Liren (Çin) - Hikaru Nakamura (ABŞ) 1:0
Yan-Kşiştof Duda (Polşa) - Yan Nepomnyaşi (FIDE) 0,5:0,5