Yeni mövsümün ikinci mərhələsi üçün iyulun 4-də Bakıya gələrək "Dalğa Arena"da məskunlaşan "Kəpəz" hazırlığını davam etdirir.
Fanat.Az-ın əldə etdiyi xəbərə görə, tam heyətlə məşq edən Gəncə təmsilçisinin düşərgəsində yeni futbolçular var.
Komandaya qoşulan legionerlərdən ikisi Gürcüstandandır. Ampluası müdafiəçi olan 25 yaşlı Georgi Kantariyanın son klubu “Telavi” olub. Qonşu ölkədən olan digər futbolçu isə yarımmüdafiəçi Mate Kvirkviyadır. O, “Qaqra”dan gəlib.
"Kəpəz" həmçinin, iranlı Peyman Keşavarzini məşqlərə cəlb edib. 2019-cu ildə “Sumqayıt”a gələn, 2020-ci ildə “Səbail”ə üz tutan və ötən il İrana dönərək “Traktor”un formasını geyinən müdafiəçi qərb təmsilçisi ilə anlaşmağa yaxındır. Ümumiyyətlə, həm gürcü, həm də iranlı legionerlərlə prinsipial razılıq əldə olunub. Onlarla münasibətlər yaxın günlərdə rəsmiləşdiriləcək.
Hazırda "Kəpəz"in düşərgəsində daha bir yeni legioner var. Portuqaliyadan olan və müdafiəçi mövqeyində çıxış edən futbolçunun yalnız adının Karlos olduğunu öyrənə bildik. Yaşar Vahabzadənin başçılıq etdiyi məşqçilər korpusu hələ baxışda olan futbolçu ilə bağlı qərar verməyə tələsmir.
Mirağa