Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Anatoli Nuriyev Ukrayna mətbuatına müsahibə verib.
Fanat.Az xəbər verir ki, “FanDay” portalına danışan hücumçu müsahibəsində Azərbaycan karyerasından bəhs edib:
“Oyun praktikamı artırmaq və milliyə çağırılmaq üçün “Sumqayıt”a keçdim. Həmin an başqa təklifim yox idi. Oyun praktikam olmasaydı, heç kim məni milliyə çağırmayacaqdı.
“Sumqayıt”a keçməzdən əvvəl mənimlə maraqlanmışdılar. Sonra “Şaxtyor”dan Aleksey Kaşuku, “Vorskla”dan isə Lukas Rangeli icarəyə götürdülər. FIFA-nın qaydalarına görə, bir klub Premyer Liqadan iki oyunçudan artıq icarəyə götürə bilməzdi. Ona görə mənə yer olmadı.
“Sabah” məni məşqlərə dəvət etmişdi. Rəsmi oyuna çıxmaq istəyirdim, ona görə “Sumqayıt”ı seçdim.
Ukrayna çempionatı Azərbaycan Premyer Liqası ilə müqayisədə daha gərgin keçir. Burada texnikaya diqqət edilir və bütün komandalar daha çox topla oynamağı sevir.
"Sabah"la 3 illik müqavilə imzaladım. İyulun 17-də toplanış üçün Bolqarıstana uçacağıq. Rəhbərlik hələ qarşımıza konkret məqsəd qoymayıb. Bu haqda danışmamışıq. Ancaq düşünürəm ki, əsas məqsəd avrokuboklara düşməkdir.
Özümü daha çox ukraynalı, yoxsa azərbaycanlı kimi hiss edirəm? Çətin sualdır. Heç kimin xətrinə dəymək istəmirəm. Təbii ki, Ukrayna mənə daha yaxındır. Bu təəccüblü deyil, çünki orada doğulmuşam, 25 il yaşamışam. Ancaq beynəlxalq arenada çıxış etmək imkanına görə Azərbaycana minnətdaram. Elə futbolçu yoxdur ki, bunu arzulamasın. Mənim babam azərbaycanlı olub, ona görə də bu ölkənin millisində çıxış etməyimin anlamı var”.
Qeyd edək ki, Anatoli Nuriyev yay fasiləsində “Sumqayıt”dan “Sabah”a keçərək 3 illik müqavilə imzalayıb. O, ötən ildən Azərbaycan millisində çıxış edir.