Növbəti mövsümdən I Divizionda çıxış edəcək "Mingəçevir" dünəndən seleksiya məşqlərinə başlayıb.
Fanat.Az komandanın baş məşqçisi Azər Həşimovun hazırlığın gedişi, planları, qarşıya qoyulan hədəflə bağlı fikirlərini öyrənib:
"Dünəndən məşqlərə başlamışıq. Açığı, baxışa bu qədər futbolçunun gələcəyini proqnozlaşdırmırdım. Onların sayı hardasa, 40-a yaxındır. Kim eşidib-bilibsə, özünü sınamağa gəlib. Elə bilirlər ki, hər gələni komandaya götürəcəyik. Təbii ki, bu, belə deyil. Artıq ilk məşqdən, daha doğrusu, ikitərəfli oyundan sonra bir neçəsini yola saldıq getdi. Ancaq bizim işimiz hər kəsi yoxlamaqdır. Həvəskar futboldan gəlib deyə, barmaqarası yanaşa bilmərik. Ötən mövsüm Region Liqasında oynayan elə uşaqlar vardı ki, Birinci Diviziondakılardan güclüdür. Seleksiyada iştirak edənlər arasında da bəyəndiklərimiz, potensiallı oyunçular var. Yəqin bir neçəsini komandaya götürəcəyik. Amma indidən ad açıqlamağım doğru olmaz. Roman Hüseynov? O seleksiyada iştirak etmir. Bununla belə, etiraf edirəm ki, maraqlandığımız futbolçudur. Açığı, danışığımız olub. Çox güman, müqavilə bağlayacağıq".
37 yaşlı mütəxəssis həftəsonu yoxlama görüşü keçirməyi planlaşdırdıqlarını da bildirib: "Şəxsən mənə müraciət edən komandalar var. Ancaq rəqibi Region Liqasında oynayan komandalardan seçmək istəmirəm. Birinci Divizionda oynayacağıq, nisbətən güclü rəqiblə oynamalıyıq. Böyük ehtimalla, həftəsonu "Kəpəz-2" ilə gücümüzü sınayacağıq. Buna iki günə tam aydınlıq gələcək. Qalan görüşlərimizi isə təlim-məşq toplanışında reallaşdıracağıq. Avqustun ilk həftəsində toplanışa start verməyi planlaşdırırıq. Hardasa, iki həftəyə yaxın hazırlıq keçəcəyik. O müddətdə 2-3 oyunda gücümüzü sınamaq istəyirik".
Həşimov seleksiyaya qatılan futbolçuların "Qəbələ", "Zirə" və sair klubların futbolkalarında məşq etməsinə belə münasibət bildirib: "Kənardan yaxşı görünmədiyi ilə bağlı iradları qəbul edirəm. İstər futbolçu, istərsə də məşqçi kimi buna həmişə diqqət yetirmişəm. Peşəkar olmaq lazımdır. Bu hal bizdən asılı olan və olmayan səbəbdən baş verdi. Bizdən asılı olan səbəb budur ki, formalarımız hələ hazır deyil. Hazırlaşırıq ki, təlim-məşq toplanışına qədər komandanı geyimlərlə təmin edək. Digər tərəfdən, seleksiyada 40-a yaxın futbolçu iştirak edir. Onların hamısına forma paylamaq çətindir. İnşallah, qısa zamanda bu məsələ həllini tapacaq".
"Mingəçevir"in çalışdırıcısı komandanın I Divizionda növbəti mövsüm üçün qarşısına qoyulan məqsədi də açıqlayıb: "Rəhbərliklə görüşümüzdə bildirildi ki, mübariz komanda formalaşdıraq və Mingəçevirin adına layiq çıxış edək. Bilirsiniz, "Qəbələ"nin aşağı yaş qruplarından ibarət komandalarda, futbol akademiyasında, digər klublarda çalışmışam, yetərli təcrübə toplamışam. 25-26 ildir futboldayam. Premyer Liqada 100-dən çox oyun keçirmişəm. Həmişə iddialı olmuşam. Ola bilər mən 2 min maaş alanda başqa komandanın futbolçusu məndən beş dəfə çox qazanıb. Amma şəxsiyyətimlə, mərdliyimlə, əzmkarlığımla ondan geri qalmamışam. İstəyirəm ki, komandam da bu düşüncədə olsun. Maddi planda geri qala bilərik, bununla belə, döyüşəcəyik. İştah diş altında olur. Əlimizdən nə gəlirsə, edəcəyik. Birinci Divizion üçün futbolçuların adları önəmli deyil. Lazım gələcək rəqibləri təhlil edərək zəif yerlərini müəyyənləşdirib qalib gələcəyik, bəzən döyüşərək istəyimizə çatacağıq. Bir sözlə, "asan yem" olmaq istəmirik".
Mirağa