Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda minimal hesabla uduzan "Qarabağ" Bakıdakı cavab matçında Polşa çempionu "Lex"i 5:1 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adladı. Azərbaycan təmsilçisinin parlaq zəfəri haqda yazılanlara göz gəzdirmək üçün Polşa mənbələrinə baş vurmaq vacib idi.
Fanat.Az Polşanın müxtəlif portallarında Bakıdakı matç barədə yazılan məqalələrin maraqlı hissələrini təqdim edir:
sport.interia.pl: "Lex" Bakıda növbəti mərhələ arzusunu reallaşdıra bilərdi. Poznanda qazanılan minimal hesablı qələbənin yaratdığı eyforiya fonunda ikinci matçla bağlı büllur xəyallar qurulmuşdu. 1:5 hesablı məğlubiyyət həmin sarayın çilik-çilik olması anlamındadır. "Lex"i Bakıda alçaltdılar, darmadağın etdilər".
sport.fakt.pl: "Lex" Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşdı. Daha öncə də bir sıra Polşa təmsilçiləri avrokuboklarda biabır olublar. Bu dəfə isə Bakıda rüsvayçılıq rekordu qeydə alındı. Əlbəttə, Polşa çempionu Azərbaycanın paytaxtına böyük ümidlərlə yollanmışdı. Evdəki oyunda qazanılan qələbə yerli azarkeşləri ruhlandırmaya bilməzdi. Amma "Qarabağ" Poznan təmsilçisinin bütün ümidlərinin üzərindən xətt çəkdi. Şübhəsiz, "Lex" tarixinə düşən ləkəni Avropa Liqasında, Konfrans Liqasında təmizləmək şansını özündə saxlayır. Reallıq isə budur ki, çempionun Çempionlar Liqasıyla bağlı planları həyata keçmədi".
sport.pl: "Ya "Lex"in günü deyildi, ya poznanlılar səfərdə oynamaqdan qorxurdular, ya da qapıçı Artur Rudko bu səviyyədə oyuna hazırlaşa bilməmişdi. Polşa çempionunun qolkiperi bakıda buraxılan qollardan üçündə səhvə yol verdi. Belədə, 1:5 hesablı məğlubiyyət niyə təəccübləndirsin ki?
Əslində hər şey əla başlamışdı. 20-ci saniyədə vurulan qol məntiqlə, meydan sahibləri üçün psixoloji zərbə olmalı idi. Lakin yerli publika önündə coşan "Qarabağ" 14-cü dəqiqədə hesabı bərabərləşdirdi. Sonrakı 3 qoldan danışsaq, demək olar ki, hər birində "Lex"in qapıçısının "əməyi" danılmazdır".
przegladsportowy.pl: "Evdə 1:0 hesablı qələbə qazanan Polşa çempionu səfərdə bərbad oynadı. Müdafiə xətti və qapıçı Artur Rudko daha qorxunc çıxışla diqqət çəkdilər. Əlbəttə, 1:5 hər şeyi deyir. Ancaq unutmayaq ki, buraxılan qollardan ikisini "Lex"in qapısına öz qapıçısı vurdu. Hə, Rudko əməlli-başlı özünü itirmişdi.
"Qarabağ"ın Polşa təmsilçilərinin kabusu olduğunu bilirik. 2010-cu ildə Krakov "Visla"sını mübarizədən kənarlaşdıran Ağdam klubu 3 il sonra "Pyast"dan güclü olduğunu isbatlamışdı. Daha sonra "Legiya"nı "əzən" azərbaycanlıların Varşavadakı 3:0 hesablı qələbəsi təbii ki, yaddaşlardan silinməyib. Ancaq hesabları nəzərə alsaq, əvvəlki məğlubiyyətlər heç biri sonuncu qədər üzücü deyildi".
Nihat