UEFA Çempionlar liqasının ilk təsnifat mərhələsində Polşanın "Lex" klubunu üstələyən "Qarabağ"ın (0:1, 5:1) növbəti rəqibi İsveçrə "Sürix"i olacaq.
"Köhlən atlar"ın və futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Vaqif Cavadov Fanat.Az-a açıqlamasında "Qarabağ"ın "Sürix"ə qarşı mübarizədə şanslarını dəyərləndirib.
33 yaşlı mütəxəssis təmsilçimizi çətin sınaq gözlədiyini vurğulayıb:
"Şübhəsiz ki, "Sürix"lə mübarizə "Lex"lə müqayisədə çətin olacaq. "Qarabağ"ın əzmkarlığını mütləq qeyd etmək lazımdır. Bakıdakı sonuncu oyun bunu göstərdi. Mərhələ adlamağa qadir komandadır, amma daha əvvəl dediyim kimi, çətin olacaq. "Qarabağ"ın "Sürix"lə oyunda daha çox nəyə üstünlük verməli olduğunu indidən demək çətindir. Çünki İsveçrə komandasını analiz etməmişəm. Hər halda, Qurban Qurbanov rəqibi öyrənib yaxşı təhlih edəcək.
İsveçrə çempionatının tez başlaması? Düşünürəm ki, hər iki klubun vəziyyəti bərabərdir. "Sürix"in bir-iki çempionat matçına çıxması hələ tam forma yığması anlamına gələ bilməz. "Qarabağ"la ilk oyuna qədər yeddi-səkkiz çempionat oyunu keçirsəydilər, başqa məsələ... Amma unutmayaq ki, İsveçrə çempionuna qarşı oynayan "Qarabağ" da artıq iki rəsmi görüş keçirib. Odur ki, hər iki komandanın şansları bərabərdir".
Emin Şəmsiyev