ABŞ-ın Alabama ştatının Birmingem şəhərində 100 ölkədən 3600 çox atletin qatıldığı Dünya Oyunları beynəlxalq idman tədbiri keçirilir. Turnirdə Azərbaycandan olan aykidoçular da iştirak ediblər.
Fanat.Az Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin (AAAKİB) məlumatına istinadən xəbər verir ki, birlik üzvləri olan Fəxri Qafarlı (3-cü dan qara kəmər sahibi) və Çingiz Məmmədov (3-cü dan qara kəmər sahibi) da Dünya Oyunlarında güclərini sınayıblar.
Qeyd etmək gərəkdir ki, bu günə qədər Azərbaycan aykidoçuları rəsmi olaraq belə genişmiqyaslı beynəlxalq idman tədbirində iştirak etməyiblər.
Odur ki, bu, Azərbaycan aykidoçularının rəsmi olaraq qatıldığı ilk beynəlxalq tədbirdir.
Dünya Oyunlarında iştirak edən aykidoçularımız bu tədbirə AAAKİB-nin də üzvü olduğu Beynəlxalq Aykido Federasiyasının (BAF) dəvəti ilə qatılıblar. Aykidoçularımızın ilk səfəri onların beynəlxalq arenadakı ilk uğuru ilə yadda qalıb. Fəxri Qafarlı və Çingiz Məmmədov 32 nəfərdən ibarət olan Aykido üzrə Dünya yığmasına daxil olmağı bacarıblar. Aykidoçularımız Dünya yığmasının tərkibində Birmingemdəki Sports Garden və "Birmingham-Southern College" kolizeyində keçirilimş iki Embukada (nümayiş tədbiri) çıxış ediblər.
Aykidoçularımız Dünya Oyunlarına qatılmış digər azərbaycanlı atletləri də dəstəklməyi unutmayıblar. Onlar bütün rəqiblərini məğlub edərək 91 kiloqram çəkidə Dünya Oyunlarının qızıl medalı qazanmış kikbokçsumuz Bəhram Rəcəbzadəni tək qoymayıblar, yarımfinal və finalda döyüşçümüzü dəstəkləyiblər.