"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Türkiyənin paytaxtı Ankranın Qızılcahamam bölgəsində yerli “Bandırmaspor”la 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, belaruslu mütəxəssis klubun rəsmi saytına danışıb:
“Öz liqasında yüksək yerlər uğrunda mübarizə aparan güclü komanda ilə maraqlı qarşılaşma alındı. Heytində səviyyəli legionerin də yer aldığı kollektivə qarşı oynadıq. İlk sınaq matçımız olsa da, futbolçularımın işinə münasibətindən razı qaldım. Azərbaycanda keçirdiyimiz yoxlama oyunlarını unudub buradakı matçlara köklənmişik. Baxımlı qollar vurduq, bəzi imkanları boşa verdik. Öz qapımızda da qollar gördük. Belə deyim, çox məhsuldar qarşılaşma oldu. Hesab məni elə də maraqlandırmır. Futbolçuların əzmkarlığı, oyuna yanaşması məni qane etdi. Düşərgəmizdə yeni oyunçular var. Futbolçularımız onların qısa vaxtda kollektivə uyğunlaşması üçün yardım edirlər ki, bu da oyunda hiss olundu".