"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Kiprdə "Aris"ə 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, ilk rəsmi matçında məğlubiyyətlə üzləşən mütəxəssis belə danışıb:
"Oyunun ikinci hissəsindən çox narazı qaldım. Komanda ikinci yarıda reaksiya vermədi. Birinci hissədə qol şansları oldu, amma yararlana bilmədik. Oyunçularla söhbət etmişəm. Onlara bildirmişəm ki, Bakıdakı oyuna daha yaxşı hazırlaşmalı və müdafiədə inamlı oynamalıyıq. Bunu həm özümüz, həm də klub üçün etməliyik. Evdə qələbə qazanaraq növbəti mərhələyə yüksəlməyə çalışacağıq.
Komandanın fiziki hazırlıq sarıdan problemı yoxdur. Hər şey qarşılaşmaya köklənməkdən asılıdır. Biz başqa cür davranmalı, mübarizə aparmalı və özümüzü qurban verməliyik. Hər şeyi etməliyik ki, növbəti oyunda istəyimizə çataq. İkinci matç daha fərqli olacaq. Biz evdə oynayacağıq. Rəqibi sıxmağa və aqressiv oynamağa çalışacağıq. Şans yarandıqda isə qollar vurmalıyıq. Komandada döyüşkən ruh olmalıdır. Futbolçular özlərinə inanmalıdırlar. Çünki "Neftçi" üçün oynayırlar. Bu, böyük tarixi olan klubdur.
Regekampf azarkeşlərin komandadan narazı qalmasının normal hal olduğunu vurğulayıb: "İkinci qarşılaşmada yalnız qələbə qazanmalıyıq. Dönüş yaratmaq niyyətindəyik. Fanatlar nəticədən narazıdır. Onları başa düşürəm, haqlıdırlar. Komandama görə tərəfdarlardan üzr istəyirəm. Amma onlara ikinci görüşdə ehtiyacımız var".
Qeyd edək ki, cavab görüşü bir həftə sonra Bakıda keçirələcək.