"Ailə problemlərim olduğu üçün millinin məşqlərinə bir az gec qoşuldum. Hər birimizin şəxsi həyatımız, ailəmiz, övladımız var və müəyyən çətinliklərimiz olur. Amma məsələ milli komanda olduğu zaman mən ailəmin, yaxınlarımın və komandamın dəstəyini hiss etdim. Onların köməyi ilə bu gün millimizin düşərgəsindəyəm".
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında qadınlardan ibarət millimizin hücumçusu Yelizaveta Ruban deyib.
27 yaşlı oyunçu yığmanın İslamiadada və Avropa çempionatının seçmə mərhələsində uğur qazanacağına inandığını bildirib:
"Komandamızın düşərgəsinə qoşulmazdan əvvəl özüm fərdi şəkildə məşqlər edirdim ki, formamı qoruyub saxlayım. Ona görə də bu gün toplanışda çox çətinlik çəkmirəm.
Millidə gözəl ab-hava var. Məşqçilər və oyunçular arasında əsl komanda ruhu hiss olunur. Hər birimiz İslamiadanın və Avropa çempionatının təsnifat mərhələsinin oyunlarının məsuliyyətini hiss edirik. Buna görə də məşqlərdə bütün gücümüzlə çalışırıq.
Hazırda Sloveniyada təlim-məşq toplanışımız davam edir və dünən yerli yığma komandaya qarşı ilk yoxlama matçımız oldu. Bir neçə yoxlama görüşü də keçirəcəyik. Baş məşqçimiz bu yoxlama oyunlarında hər birimizə oynamaq şansı verir və bundan sonra əsas heyət müəyyən olunacaq. Buna görə də biz çalışırıq ki, bu sınaqlarda maksimum yaxşı oyun göstərək.
İslam Həmrəyliyi Oyunlarında və AVRO-2023-ün təsnifat oyunlarında rəqiblərimizi tanıyırıq. Çalışmalıyıq ki, bu yarışlarda yüksək nəticələr əldə edək. Meydanda rəqibimizin güclü və ya zəif olmasına baxmayaraq öz oyunumuzu səhvsiz oynamalıyıq.
İnanıram ki, biz hər iki yarışdan vətənə qələbə ilə dönəcəyik".