Konfrans Liqasında iştirak edən klublarımız azarkeşləri sevindirə bilmədi.
Hətta oyunları ilə ümid vermədikləri də dəqiqdir. Həm “Zirə”, həm “Neftçi”, həm də “Qəbələ” birinci təsnifat mərhələsinin ilk qarşılaşmasında rəqiblərinə məğlub oldu.
Bəs bu məğlubiyyətlərin səbəbi nədir? Nəyə ümid edə bilərik?
Bu sualların cavablarını mütəxəssislərin sözlərində axtardıq.
Onlar Fanat.Az-a açıqlamalarında təmsilçilərimizin çıxışına belə şərh verdilər:
Vəli Qasımov: “Nəticələr yaxşı deyildi. Heç kim bunu gözləmirdi. Həm oyunu, həm də nəticələri ilə bizi sevindirən “Qarabağ” oldu. Düzdür, hələ məsələ tam həll olunmayıb.
Komandalarımızın bəzilərinin yoldaşlıq görüşlərini izləmişdim. Konfrans Liqasındakı rəqiblər arasında ən güclüsü “Makkabi”dir (Təl-Əviv). Amma görünür ki, bizimkilər hazır deyillər. Ya hazırlıq görə, ya da öz oyunlarını tapa bilməyiblər. Bu rəqiblər keçilməlidirlər. Növbəti oyunda komandalarımız rəqiblərini keçməsə, bu, faciə sayılacaq. “Zirə” üçün “Makkabi”ni məğlub etmək bir qədər çətindir. Amma digərləri keçməlidir. “Qəbələ” 1:4 hesabı ilə məğlub olub. Topların sayını bərabərləşdirmək üçün ən azı 3 qol vurmalıdırlar. “Neftçi” 0:2 uduzub. Bu, elə də böyük hesab deyil. “Neftçi”nin necə komanda olduğunu bilirik. Kipr təmsilçisi elə də güclü deyil. İnanıram ki, keçəcək.
Vladislav Qədirov: “Zirə” oynayırdı, amma əlbəttə, səviyyə baxımından “Makkabi” daha güclü idi. Bu, aydın şəkildə görünürdü. Səviyyə fərqi hiss olunurdu. Yenə də, uşaqlarda istək var idi. Bacardıqlarını ortaya qoydular. İstənilən halda, ümumi götürsək, çox pis nəticələrdir. Ola bilər ki, çempionat başlamayıb, təlim-məşq toplanışından yeni qayıdıblar. İkinci oyundan sonra nəsə demək olar.
“Qarabağ” çox gözəl oynadı. Səfərdə çətin olacaq. Hesab 3:1 olsaydı, daha rahat oynayardılar. İkinci qoldan sonra bir qədər fikirləşmək məcburiyyətindədirlər. “Sürix”də yarımmüdafiə və hücum xətti güclüdür. Məncə, “Qarabağ” öz oyununu oynasa, keçəcək. Hələ cəmi 1 top öndədirlər. Ona görə də ehtiyatlı olmaq lazımdır. “Sürix” bütün gücünü ortaya qoyacaq. İsveçrə komadaları evdə yaxşı oynayırlar. Fikir verdinizsə, 2:3 hesablı məğlubiyyətə razı idilər. Vaxt aparırdılar, inanırdılar ki, ikinci oyunda qələbə qazana biləcəklər. İsveçrədə tam başqa şəkildə oynayacaqlar”.
Röya