Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə təşkil olunan "Grand Chess Tour" seriyasının üçüncü mərhələsinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turnirin sonuncu - beşinci günündə blits üzrə daha 9 tur oynanılacaq.
Məmmədyarov ötən gün baş tutan ilk blits qarşılaşmalarında Maksim Vaşye-Laqrav (Fransa) və İvan Sariçi (Xorvatiya) yenib. Yan Nepomnyaşi (FIDE), Alireza Firuzca (Fransa) və Yorden Van Foreestlə (Niderland) "sülh bağlayan" 37 yaşlı qrossmeysterimiz Uesli So, Leynyer Dominqes (hər ikisi ABŞ), Maqnus Karlsen (Norveç) və Veselin Topalovla (Bolqarıstan) duellərdə məğlubiyyətlə üzləşib.
Şəhriyar hazırda 11,5 xalla yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Sıralamaya 18 xalla Karlsen başçılıq edir.
Xatırladaq ki, Məmmədyarov yarışın 9 turdan ibarət rapid mərhələsində 7-ci olub.
Qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.