Bü gün "Qarabağ" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İsveçrə "Sürix"i ilə qarşılaşacaq.
"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Bəxtiyar Musayev Fanat.Az-a açıqlamasında sözügedən oyunda "köhlən atlar"ın şanslarını dəyərləndirib:
"Qarabağ"dan çox şey gözləyirik. Sağ olsunlar ki, sərgilədikləri oyunla bizi tez-tez sevindirirlər. Gözləntilərimiz böyükdür. Əvvəlki müsahibələrimdə də demişəm ki, "Qarabağ" həmişə boyunda bir-iki baş yuxarı tullanır. Ağdam təmsilçisi ölkə çempionu olmaqla, Azərbaycan Kubokuna yiyələnməklə, UEFA Çempionlar Liqasının təsnifatında baxımlı oyun göstərməklə bunu deməyə əsas verir. Avropada "çəki"si olan klublara qarşı layiqli mübarizə aparır.
"Mütləq keçməlidir, udmalıdır" demək asandır. Amma bu qələbələrin arxasında çətinliklər durur. Polşa və İsveçrə çempionu ilə bu səviyyədə oynamaq özü bir qəhramanlıqdır. Təbii ki, səfərə 2 top üstün yollansaydıq, daha yaxşı olardı. Rəqib heç də zəif deyil. Onların da kifayət qədər təcrübəli və samballı futbolçuları var. Elə büdcə baxımından da götürsək, üstün durumadırlar. Bakıda 2 top fərqi ilə udsaydıq belə, "Sürix" olduqca çətin rəqibdir.
"Qarabağ"ı tərk edən aparıcı futbolçular oldu. Bundan əlavə, Azərbaycan Premyer Liqasında oynayan komanda üçün istənilən futbolçunu cəlb etmək də asan deyil. Mən də bu işin içindəyəm. Bütün bunlara rəğmən, "Qarabağ" ruhdan düşmür, daim mübarizə aparır. Komandada yüksək səviyyəli qələbə ruhu var.
Biz ötən mövsüm də gördük ki, Qurban müəllimin səfərdə sərgilədiyi oyun rəqiblərə çətinlik yaradır. Düşünürəm ki, bu dəfə də həmin üsluba sadiq qalacaqlar. Bu arada, istərdim bəxt amili də "Qarabağ"ın yanında olsun. Məncə, bu da önəmlidir".
Emin Şəmsiyev