Azərbaycan millisi San Marinoda təşkil olunan 18 yaşadək basketbolçular arasında Avropa çempionatının "C" divizionunda son qrup oyununu keçirib.
Fanat.Az xəbər verir ki, milli komandamız B qrupunun dördüncü görüşündə Moldova seçməsi ilə münasibətləri aydınlaşdırıb. Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi yığma görüşün əvvəlində qazandığı üstünlüyü oyunun sonuna qədər davam etdirərək sonda rəqibini 75:66 hesabı ilə məğlub edib.
Beləliklə, bütün rəqiblərinə qalib gələn millimiz qrup lideri kimi adını turnirin yarımfinalına yazdırıb.
Finalın bir addımlığında rəqib A qrupunda keçiriləcək Albaniya - Andorra cütünün qalibi olacaq.
Yarımfinal görüşü 30 iyul Bakı vaxtı ilə saat 21.15 -də başlayacaq.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ardınca Cəbəllütariqə 115:60, üçüncü matçında isə Ermənistana 76:65 hesabı ilə qalib gəlib