"Qarabağ" sabiq futbolçusu Vild-Donald Geryeni geri qaytara bilər.
Fanat.Az xəbər verir ki, son yarım mövsümü Polşanın 4-cü liqa təmsilçisi "Veçista"da keçirən haitili yarımmüdafiəçi keçmiş günlərini arzulayır.
Onun Çempionlar Liqasının II təsnifat mərhələsində "Sürix"lə cavab oyunu üçün İsveçrədə olan ağdamlıların məskunlaşdığı hotelə baş çəkib komanda üzvləri ilə görüşməsi müəyyən mətləblərdən xəbər verir. Düzdür, "Qarabağ"ın daha bir sabiq oyunçusu İnnosent Emeqara da Sürixdə komandanın düşərgəsinə baş çəkmişdi. Ancaq Geryedən fərqli olaraq, Emeqara İsveçrədə yaşayır. 32 yaşlı haitili isə Polşadan Sürixə yollanmışdı.
Bundan başqa, "Qarabağ"ın "Lex"lə I təsnifat mərhələsindəki görüşləri ərəfəsində Polşanın “TVP Sport” nəşrinə müsahibə verən Geryenin səmimi etirafları və Qurban Qurbanovla bağlı söylədikləri "buzların əriməsi"nə işarə kimi qəbul edilə bilər. Haitili yarımmüdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən belə bəhs etmişdi: “Qızım öləndən sonra çox aciz olmuşdum. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun həmin vaxtdakı davranışını unutmayacağam. O, mənə ata kimi idi. İndiki məsuliyyətim olsaydı, karyeram fərqli olardı".
Güman ki, ÇL-in qrupunu hədəfləyən və bu üzdən ehtiyat skamyanı genişləndirməyi düşünən Qurban Qurbanov Geryeyə daha bir şans verəcək. Nəzərə alsaq ki, o, hazırda azad agentdir, onun keçidi "Qarabağ"a maddi cəhətdən də əlverişlidir.
Qeyd edək ki, Vild-Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"ın şərəfini qoruduqdan sonra "Neftçi"yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində yenidən Ağdam klubunda çıxış edib.
Mirağa