İtaliyanın paytaxtı Romada keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatının qalibi Ruzanna Məmmədovanın Fanat.Az-a müsahibəsi
- Ruzanna, cəmi 42 gün içərisində həm Avropa, həm də dünya çempionluğunu qazandın. Təəssüratlarını bölüşərsən.
- Avropa çempionatından qayıtdıqdan bir həftə sonra bu yarışın hazırlıqlarına başladıq. Başa düşürdüm ki, dünya birinciliyi qitə çempionatından çox daha çətin olacaq. Burada Asiya təmsilçiləri hər zaman əsas favoritlər sırasında olurlar. Bu səbəbdən dünya çempionatına ikiqat hazırlaşmışdım. Göygöldə 10 günlük təlim-məşq toplanışımız oldu. Orada əsasən fiziki hazırlığın artırılması üzərində işlədik. Həmin toplanışda böyüklərdən ibarət yığma da iştirak edirdi. Titullu güləşçimiz Mariya Stadnikin mənə dəstəyi çox oldu. Hətta mən dünya çempionatına fərqli çəkidə qatılmaq istəyirdim, o, məsləhət bildi ki, çəkimi dəyişməyim. Dedi, əgər çempion olmaq istəyirsənsə, indiki halda 49 kiloqram sənə daha rahat olacaq.
Təbii ki, ard-arda iki titul qazanmaq böyük sevincdir. Özümü çox xoşbəxt hiss edirəm.
- Qadın güləşində - ələlxüsus yüngül çəkilərdə Yaponiya idmançılarını məğlub etmək çox çətindir. Hətta son dəfə hansı təmsilçimizin bunu bacardığını unutmuşuq. Finaldan öncə nə hiss edirdin?
- İnam da var idi, ehtiyat da. Yaponiyalılarla qarşılaşmalar hər zaman çox çətin olur. Özü də rəqibim finaladək bütün görüşlərini vaxtından əvvəl tam üstünlüklə başa vurmuşdu.
Finaladək isə ən çətin görüşüm türkiyəli idmançı ilə oldu. Şevval Çayır gənclərin son Avropa çempionatının qalibi idi. Həmin yarışda onun çıxışını izləmişdim. Çox gözəl güləşlə çempion olmuşdu. Əmin idim ki, onu udsam, finaladək məni kimsə saxlaya bilməz.
- Finalın gedişində 0:3 geri düşmüşdün. Toparlanıb geridönüş etməkdə nə köməyinə çatdı?
- Fasilədə yığmanın məşqçisi Solmaz Adilova mənə dedi ki, bu ana qədər o, səni udmayıbsa, deməli, sən qələbə qazana bilərsən. Onun bu sözləri mənə toparlanmaqda çox kömək oldu.
Keçən il dünya birinciliyinin finalında Hindistan güləşçisinə uduzanda çox pis olmuşdum. Gözüm kəmərdə qalmışdı. Ona görə özümə söz verdim ki, nəyin bahasına olur-olsun qalib gəlməliyəm.
- Qələbən yerli güləş həvəskarları tərəfindən böyük sevinc və maraqla qarşılandı. Artıq hamı səni qadın güləşinin yeni Mariya Stadniki qismində görməyə başlayıb. Buna münasibətin necədir?
- Mariya Stadnik mənim kumirimdir. Onun davamçısı kimi görürlərsə, nə xoş mənə. Mariya olmaq çox çətindir, amma mümkünsüz deyil. Mənim məqsədlərim böyükdür. Onlardan başlıcası da olimpiya çempionluğudur.
- Bu il təqvimdə gənclərin dünya birinciliyi də var. Həmin yarışa qatılmağın mümkündür?
- Xeyr. Bu, il ərzindəki son yarışım idi. Gənclərin dünya birinciliyində iştirak üçün yaşım çatmır. Amma növbəti il qatıla bilərəm. Gələn il yeniyetmələrdə son ilimdir. Odur ki, 2023-cü ildə məni dörd böyük yarış gözləyir.
Sahib Əsədbəyli