İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə Azərbaycan sərbəst güləşçiləri daha 3 medala sahib çıxıb.
Bəşir Verdiyev (45 kq) finalda ABŞ təmsilçisi Domenik Munarettoya 0:2 hesabıyla uduzaraq fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Elman Ağayev (51 kq) qırğızıstanlı Bayaman Kerimbekova (4:1), Ağanəzər Novruzov isə hindistanlı Narender Narenderə (3:1) qalib gələrək yarışın bürünc medalını qazanıblar.
"Bürünc" görüşünə çıxan digər təmsilçimiz Ağa Qasımov (60 kq) isə hindistanlı rəqibi ilə bacarmayıb.
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri mundialı 2 qızıl, 1 gümüş, 2 bürünc mükafatla başa vurub. Qızıl medalları ölkəmizə ötən gün Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qazandırıblar.
Qeyd edək ki, daha əvvəl mübarizə aparan yunan-Roma güləşçilərimiz yarışı 3 gümüş, 4 bürünc medalla başa vurub. Ümumilikdə 130 xal toplayan yığma komanda hesabında dünya ikincisi olub. Qızlardan isə Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) bürünc medala sahib çıxıb.