"İslam Həmrəyliyi Oyunlarında yığmanın əsasən "1 nömrə"ləri yarışacaq. Bu səbəbdən hədəfimiz də böyükdür".
Bunu Fanat.Az-a açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının məşqçisi Həsən Əliyev deyib.
Sabiq dünya və Avropa çempionu 9-18 avqustda Türkiyənin Konya şəhərində təşkil olunacaq İslamiadada yığmanın ən azından 2-3 arası "qızıl" iddiasında olduğunu söyləyib:
"Yarış asan keçməyəcək. Bildiyimizə görə, digər yığmaların da bir sıra aparıcı üzvləri İslamiadaya gələcək. Lakin biz də titullu güləşçilərlə təmsil olunacağımız üçün ən yaxşı nəticələrə ümidliyik. Ümumilikdə 55 kiloqramdan tutmuş 82 kiloqramadək bütün idmançılarımızın qızıl medal qazanmaq şansı çoxdur".
Əliyev dünya çempionatı ilə İslamiada arasındakı zaman azlığının yığmanın mundialdakı çıxışına təsiri məsələsinə də toxunub.
"Məsul yarışlar arasında zaman azlığı adətən çəkisalma probleminə görə narahatlıq doğurur. Bizim yığmada isə demək olar ki, elə bir problem yoxdur. Odur ki, yığmanın İslamiadada çıxışı dünya çempionatının hazırlığına təsir etməyəcək".
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi yarışı 12-13 avqustda baş tutacaq.
Sahib