Azərbaycanın kişilərdən ibarət milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, yığma VI turda Slovakiya ilə qarşılaşıb. Millinin heyətində Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Nicat Abbasov rəqiblərinə qalib gəlib, yalnız Vasif Durarbəyli uduzub. Beləliklə, qarşılaşma seçməmizin 3:1 hesablı üstünlüyü ilə başa çatıb.
Bu, Azərbaycan yığmasının yarışda 4-cü qələbəsi olub. Komanda ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələyib. IV turda Türkiyə ilə heç-heçə edən yığma ardınca Kubaya uduzub.
Ümumdünya Şahmat Olimpiadası
VI tur
Kişilər
Slovakiya – Azərbaycan 1:3
Viktor Qazik – Şəhriyar Məmmədyarov 0:1
Yuray Druşka – Qədir Hüseynov 0:1
Xristofer Repka – Vasif Durarbəyli 1:0
Lyubomir Ftaçnik – Nicat Abbasov 0:1
Məmmədyarov və Durarbəyli qara, Hüseynov və Abasov ağ fiqurlarla oynayıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.